Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq"
· 1 mənbə
"Konsertə "Dünyam" adını vermişik ki, bu gün tamaşaçılar mənim dünyamla tanış olsunlar, məni bir daha kəşf etsinlər. Ona görə də konsertimizin adı "Dünyam"dır".
Bu sözləri BAKU.WS-ə açıqlamasında müğənni Kəmalə Qaramollayeva deyib.
Öz konsertindən danışan sənətçi bildirib ki, bu gün onu sevənlərə tamamilə fərqli ab-hava yaşadacaq:
"Bu gün tamaşaçılar fərqli ab-hava yaşayacaqlar. Musiqilərimlə onları həm Şərqə, həm də Qərbə aparacağam. Muğam da səslənəcək, Avropa improvizasiyaları da olacaq. Klassik Azərbaycan musiqisi, öz repertuarımdan mahnılar, estrada nümunələri və milli üslubda ifalar təqdim edəcəyəm. İki saat ərzində tamaşaçılar məni müxtəlif musiqi üslublarında görəcəklər".
Müğənni vurğulayıb ki, konsertə beş ay ərzində hazırlaşıblar:
"Sənətimə və ifama güvəndiyim üçün burada konsert verməyə qərar verdim. Beş aydır ki, bu konsertə hazırlaşırıq. Demək olar ki, yayı yaxşı keçirə bilmədik. İndi özünüz dinləyəcəksiniz. Qiyməti isə tamaşaçılar verəcəklər".
Mənbə: Baku.ws · 25.11.2026, 20:36 · orijinal məqalə