Kvant hesablamaları ilk real faydasını əczaçılıqda deyil, energetikada verə bilər

· 1 mənbə

Bununla belə, mürəkkəb məsələləri klassik kompüterlərdən daha sürətli həll edə bilən kvant proqram təminatı artıq daha təcili bir problemin – enerji keçidinin təmin olunmasının həlli üçün sınaqdan keçirilir. Söhbət həm elektrik şəbəkələrinin sabitliyinin artırılmasından, həm də günəş panelləri və hidrogen istehsalı üçün daha səmərəli materialların tapılmasından gedir.

2019-cu ildə Bristol şəhərində təsis edilmiş Britaniyanın kvant proqram təminatı tərtibatçısı Phasecraft artıq bu texnologiyanı energetika sektorunda tətbiq etməyə başlayıb. Startap 2025-ci ildə B seriyalı maliyyələşdirmə raundunda 34 milyon dollar investisiya cəlb edib, bu ilin sentyabrında isə ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində baş qərargah açmaq planlarını açıqlayıb.

«Həm enerji təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyan, həm də kommersiya dəyəri olan problemlərin həlli üçün nəhəng imkanlar yaranır», – deyə Phasecraft-ın həmtəsisçisi və rəhbəri Eşli Montanaro CNBC telekanalına bildirib.

Phasecraft kvant alqoritmlərini energetika sektorunun ehtiyaclarına uyğunlaşdıran yeganə şirkət deyil.

Cambridge Quantum və Honeywell Quantum Solutions şirkətlərinin birləşməsi nəticəsində yaradılmış və iyun ayında Nasdaq birjasına çıxmış Quantinuum nəqliyyatda istifadə olunan hidrogen yanacaq elementləri üçün materialları modelləşdirir. Paralel olaraq şirkət tərəfdaşları ilə birlikdə karbonun tutulması üçün yeni material tərkibləri axtarır.

Britaniyanın digər şirkəti, Oksford Universitetindən ayrılaraq yaradılmış ORCA Computing isə neft-qaz nəhəngi BP ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. Mütəxəssislər molekulların fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini müəyyənləşdirən amilləri araşdırırlar. Bu, bioyanacağın yanma mexanizmlərini daha yaxşı anlamağa və onun səmərəliliyini artırmağa kömək edəcək.

Ayrı bir layihə çərçivəsində ORCA Yaponiyanın proqram təminatı tərtibatçısı JIJ ilə birlikdə energetika şirkətləri üçün aktual olan problemi həll etməyə çalışıb: tələbatı minimum xərclə qarşılamaq üçün hansı elektrik generatorları nə vaxt işə salınmalı və ya dayandırılmalıdır?

Bu layihəyə BP və Böyük Britaniyanın Milli Kvant Hesablamaları Mərkəzi də qoşulub. Mərkəz ölkənin dövlət tədqiqat və innovasiya agentliyinin nəzdində fəaliyyət göstərən dövlət laboratoriyasıdır. Bu qurumun, eləcə də ABŞ Energetika Nazirliyinin nəzdindəki müvafiq agentliyin iştirakı göstərir ki, həm dövlət orqanları, həm də BP kimi iri korporasiyalar kvant proqram təminatının energetikadakı potensialını diqqətlə izləyirlər.

Phasecraft üçün əsas prioritet elektrik şəbəkələrinin dayanıqlığının təmin edilməsi və optimallaşdırılması olaraq qalır. Startap İngiltərə, Şotlandiya və Uelsdə elektrik enerjisinə tələb və təklifi balanslaşdıran müstəqil operator – Böyük Britaniyanın Milli Enerji Sistemləri Operatoru ilə tərəfdaşlıq qurub. Birgə fəaliyyət elektrik enerjisinin paylanmasının idarə olunmasını və qəza baş vermiş şəbəkə sahələrinin müəyyənləşdirilməsini əhatə edir. Tərtibatçıların sözlərinə görə, onların alqoritmləri bu tapşırıqları adi kompüterlərdən min dəfə daha sürətli yerinə yetirir.

Phasecraft Asiya bazarında yüksək tələb gözləyir. Regionda elektrikləşmənin sürətlə genişlənməsi elektrik şəbəkələrinin son dərəcə etibarlı olmasını tələb edir. Bu, artan enerji istehlakı ilə bərpaolunan enerji mənbələrinin qeyri-sabit istehsalı arasında balansın qorunması üçün vacibdir.

Şirkət həmçinin Britaniyanın günəş batareyaları istehsalçısı Oxford PV ilə əməkdaşlıq edərək daha yüksək faydalı iş əmsalına malik fotoelektrik elementlər üçün materiallar hazırlayır.

Bundan əlavə, Phasecraft London birjasında səhmləri ticarət olunan xüsusi materiallar istehsalçısı Johnson Matthey, Harvard Universiteti və Bostonda yerləşən kvant avadanlığı istehsalçısı QuEra ilə qüvvələrini birləşdirib. Layihəyə ABŞ-nin Energetika üzrə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi nəzarət edir. Alimlər hazırda hidrogen istehsalı üçün kritik əhəmiyyət daşıyan iridium kimi qıt metalların istifadəsindən imtina etməyə imkan verəcək yeni katalizatorlar axtarırlar.

Phasecraft-ın niyə ilk baxışdan daha gəlirli görünən bazarlar əvəzinə energetika sektoruna üstünlük verməsi barədə suala cavabında Montanaro qeyd edib ki, bu sahədə maliyyə gəlirliliyi heç də aşağı deyil.

«Düzgün yanaşma tətbiq edildikdə kommersiya faydası tamamilə realdır. Daha səmərəli elektrik şəbəkələri əməliyyat xərclərini azaldır və mövcud infrastrukturdan maksimum nəticə əldə etməyə imkan verir», – deyə o vurğulayıb.

Mənbə: Banker.az · 24.11.2026, 09:29 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu