“Lukoil” Azərbaycanı tərk edə bilər – Hansı razılaşmalar var?
· 1 mənbə
Rusiyanın neft nəhəngi “Lukoil” Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağındakı 19,99%-lik iştirak payından ayrıla bilər. Şirkətin beynəlxalq enerji aktivlərinin alınması ilə bağlı ABŞ milyarderi Todd Boelinin rəhbərlik etdiyi konsorsiumla razılaşma imzalanıb.
Banker.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi milyarderə və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) nümayəndəsinə istinadən məlumat yayıb.
Bir ildən artıq davam edən danışıqların nəticəsi olaraq əldə edilmiş razılaşma “Lukoil”un beynəlxalq aktivlərinin təxminən 10 milyard dollar dəyərində qiymətli kağızlar müqabilində konsorsiuma ötürülməsini nəzərdə tutur.
Konsorsiuma Todd Boelinin “Eldridge” şirkəti, ABŞ hökumətinin investisiya qurumu olan DFC, Amerikanın “Xtellus Partners” investisiya bankı və Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş “Catena Investment Holding” daxildir.
“Reuters”in mənbələrinə görə, “Lukoil”un beynəlxalq aktivlərinin dəyəri təxminən 16 milyard dollar qiymətləndirilir. Portfelə Azərbaycan və Qazaxıstan da daxil olmaqla 11 ölkədəki hasilat layihələri, Niderland, Bolqarıstan və Rumıniyadakı neft emalı zavodları, eləcə də geniş yanacaqdoldurma məntəqələri şəbəkəsi daxildir.
“Eldridge”in rəsmi açıqlamasına əsasən, konsorsium “Lukoil International GmbH” şirkətinin 100%-ni əldə edəcək. Əməliyyat başa çatdıqdan sonra bu şirkətin aktivlərinin Rusiyanın “Lukoil” şirkəti ilə mülkiyyət əlaqələri tamamilə kəsiləcək.
Razılaşma çərçivəsində Rusiya tərəfinə birbaşa pul ödənişi nəzərdə tutulmur. Mübadilə ediləcək qiymətli kağızlar beş il müddətinə və ya sanksiyalar aradan qaldırılanadək məhdudlaşdırılmış hesabda saxlanılacaq.
Hazırda “Lukoil” Azərbaycanın “Şahdəniz” layihəsində BP-dən sonra ikinci ən böyük pay sahibidir. Layihədə BP-nin 29,99%, “Lukoil”un 19,99%, TPAO-nun 19%, “Cənub Qaz Dəhlizi” QSC-nin 16,02%, İranın NICO şirkətinin 10% və Macarıstanın MVM şirkətinin 5% payı var.
BP-nin məlumatına görə, 2026-cı ilin ilk üç rübündə “Şahdəniz” yatağından 20 milyard kubmetr qaz və 3 milyon ton kondensat hasil edilib. Layihə üzrə əməliyyat və əsaslı xərclər ümumilikdə 3,08 milyard dollar təşkil edib.
“Lukoil” 2022-ci ilin fevralında Malayziyanın “Petronas” şirkətindən 9,99%-lik əlavə payı 1,45 milyard dollara alaraq “Şahdəniz”dəki iştirak payını 19,99%-ə yüksəltmişdi. Həmin vaxt Rusiya şirkəti 15,5% pay almağı planlaşdırsa da, digər tərəfdaşların üstün alım hüququndan istifadə etməsi nəticəsində sövdələşmənin həcmi azaldılmışdı.
“Reuters” hələ 2025-ci ilin noyabrında “Şahdəniz” layihəsinin mövcud iştirakçılarının tərəfdaşlardan birinin payını satması zamanı üstün alım hüququna malik olduğunu bildirmişdi. Hazırkı sövdələşmədə həmin hüququn necə tətbiq ediləcəyi açıqlanmayıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da açıqlamasında “Lukoil”un xarici aktivlərinin satışının mürəkkəb proses olduğunu, əməliyyatların sanksiya məhdudiyyətləri çərçivəsində xüsusi lisenziyalar əsasında həyata keçirilməli olduğunu bildirmişdi.
Yeni razılaşmanın qüvvəyə minməsi üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) təsdiqi tələb olunur. Todd Boelinin sözlərinə görə, əməliyyatın tamamlanması bir ilədək çəkə bilər.
Mənbə: Banker.az · 26.11.2026, 10:19 · orijinal məqalə