Maka Boçorişvili: Gürcüstan və Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əməl edir
· 2 mənbə
Bakı.Trend:
Gürcüstan və Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərini ardıcıl dəstəkləyir və bu prinsiplərin möhkəmləndirilməsi istiqamətində fəal əməkdaşlıq edir.
Trend-in müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Gürcü nazir qeyd edib ki, hər iki ölkə arasında mövcud olan münasibətlər, ölkələrimiz arasında mövcud olan dostluq bu gün regional kontekstdə əməkdaşlığın inkişafı üçün vacibdir.
“Bu gün Orta Dəhlizin inkişafı regionda mövcud olan geoiqtisadi zərurətdir. Gürcüstan və Azərbaycanın onilliklər ərzində formalaşmış, yaxşı təcrübəyə əsaslanan dostluğu, əməkdaşlığı, tərəfdaşlığı var.
Bu, təkcə iki ölkənin xeyrinə deyil, həm də daha geniş regional məqsədlər üçün istifadə oluna bilər. Bu isə bizim dostluğumuza, əməkdaşlığımıza xüsusi məna verir və iki ölkə arasında, ölkələrimizin liderləri arasında mövcud olan o əlaqələr həqiqətən də alqışlanmalıdır. Ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərini, strateji tərəfdaşlığı, əməkdaşlığı və dostluğu daha da gücləndirməli və dərinləşdirməliyik”.
Mənbə: Trend · 24.11.2026, 19:00 · orijinal məqalə