Malların təhlükəsizliyinə dair tələblər dəyişdirilir

· 1 mənbə

Azərbaycanda malların təhlükəsizliyinə dair tələblər onların insan həyatı və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yarada biləcəyi təhlükənin dərəcəsinə uyğun müəyyən ediləcək.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlara təklif olunan dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, mallar üçün uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb olunması həmin malların təhlükəsizlik tələblərini əks etdirən texniki reqlamentlərdə müəyyənləşdiriləcək.

Uyğunluq bəyannaməsi təsərrüfat subyekti tərəfindən tərtib ediləcək. Texniki reqlamentlərdə nəzərdə tutulan hallarda isə bəyannamənin hazırlanması ilə yanaşı, malların tələblərə uyğunluğunun təsdiqlənməsi üçün müvafiq qiymətləndirmə qurumunun cəlb edilməsi də tələb olunacaq.

Bundan başqa, qanunvericilikdə mallara münasibətdə istifadə olunan “risk səviyyəsi” ifadəsi “yarada biləcəyi təhlükənin dərəcəsi” ifadəsi ilə əvəz ediləcək.

Akkreditasiya ilə bağlı müvafiq müddəanın yalnız orta riskli mallara şamil edilməsinə dair məhdudiyyət də aradan qaldırılacaq. Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mənbə: Modern.az · 27.11.2026, 12:37 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu