“Mançester Siti”nin satılması tələb olunur

· 1 mənbə

İngiltərənin bir neçə Premyer Liqa klubu maliyyə qaydalarını pozduğuna görə “Mançester Siti”nin sahiblərinin cəzalandırılmasını və klubun məcburi şəkildə satışa çıxarılmasını istəyir.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Premyer Liqanın üç klubunun yüksək vəzifəli nümayəndəsi hesab edir ki, “Mançester Siti”yə qarşı ən uyğun cəza onun sahiblərinin klubu satmağa məcbur edilməsidir. Onların fikrincə, rəhbərlik klubun idarəçiliyində qaldığı müddətdə digər sanksiyalar qalmaqalın nəticələrini aradan qaldırmayacaq.

Qeyd edək ki, müstəqil komissiya “Mançester Siti”ni 2009-2018-ci illər arasında Premyer Liqanın maliyyə qaydalarını pozmaqda və aparılan araşdırma ilə əməkdaşlıq etməməkdə təqsirli bilib. İddialara görə, klub kommersiya müqavilələri vasitəsilə gəlirlərini süni şəkildə artırıb və 900 milyon funt sterlinq məbləğində zərərləri gizlədib.

Klub isə qərarla razılaşmayıb və apellyasiya şikayəti verib. Hələlik müstəqil komissiya yekun sanksiya barədə qərar qəbul etməyib. Mümkün cəzalar arasında pul cəriməsi, turnir xallarının silinməsi, əvvəlki çempionluq titullarının geri alınması və hətta Premyer Liqadan xaric edilmə də var.

İngiltərənin Müstəqil Futbol Tənzimləyicisinin (IFR) rəhbəri Devid Koqan isə bildirib ki, qurum klubun böyüklüyündən asılı olmayaraq qanunvericiliklə nəzərdə tutulan tədbirləri görməkdən çəkinməyəcək. Qurumun səlahiyyətləri arasında klub sahibinin uyğunluğunu araşdırmaq və ciddi hallarda onun mülkiyyət hüququndan imtinasını tələb etmək də var.

“Mançester Siti”nin sahibi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş nazirinin müavini şeyx Mənsur bin Zayed Əl Nəhyanın rəhbərlik etdiyi “Abu Dhabi United Group” investisiya şirkətidir.

Bununla yanaşı, mümkün satış qərarının BƏƏ-nin Böyük Britaniyadakı ticarət və investisiya əlaqələrinə təsiri ilə bağlı da müzakirələr aparılır. Klub isə daha əvvəl komissiyanın qərarında hüquqi, prinsipial və faktiki səhvlərin olduğunu bəyan edib.

Mənbə: Publika.az · 27.11.2026, 23:05 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu