Məktəblərdə planşet və noutbuk qadağan edilir

· 1 mənbə

Cənubi Avstraliya ştatında dövlət məktəblərinin ibtidai siniflərində planşet və noutbuklardan istifadə qadağan ediləcək. Bundan başqa, yuxarı sinif şagirdləri üçün həftədə bir gün ekransız təhsil sınaqdan keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Qərar 2027-ci ildən bütün dövlət ibtidai məktəblərində qüvvəyə minəcək və hazırlıq sinfindən ikinci sinfə qədər olan şagirdləri əhatə edəcək. Üçüncü-altıncı siniflərdə isə 10 məktəbdə altı ay müddətində həftədə bir gün ekransız dərs keçiriləcək. Əlilliyi və ya xüsusi təhsil ehtiyacları olan uşaqlar üçün istisnalar nəzərdə tutulub.

Məhdudiyyətlərin əsas məqsədlərindən biri şagirdlərin əl yazısı bacarıqlarını inkişaf etdirməkdir. Bu məqsədlə üçüncü və dördüncü siniflər üçün ayrıca əl yazısı proqramı tətbiq olunacaq.

Həmçinin şagirdlərin dərsə şəxsi elektron cihazlarını gətirməsi praktikasından mərhələli şəkildə imtina ediləcək. Şəxsi cihazları məktəblərin verdiyi və Təhsil Nazirliyinin mühafizə sisteminə qoşulmuş avadanlıqlar əvəzləyəcək.

Qeyd edək ki, Avstraliyada 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə dair federal məhdudiyyətlər 10 dekabr 2025-ci ildə qüvvəyə minib. Qanuna əsasən, platformalar 16 yaşına çatmamış şəxslərin hesab yaratmasının və saxlamasının qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir.

Müəllif: Adəm

Mənbə: Publika.az · 24.11.2026, 17:42 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu