Məşhur qubernator saxlanıldı

· 1 mənbə

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis Moskva şəhərində dələduzluq və mənimsəmə cinayətləri ilə bağlı iş üzrə saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

TASS agentliyinin yaydığı məlumata görə, Rusiya DİN-in İstintaq Departamenti bir qrup şəxsin bir neçə cinayət törətməsi ilə bağlı cinayət işinin ilkin istintaqını davam etdirir.

Volk bildirib ki, noyabrın 23-də Rusiya DİN əməkdaşları Cinayət-Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən, qeyd olunan cinayətlərin törədilməsində şübhəli bilinən Murmansk vilayətinin qubernatorunu saxlayıblar.

İstintaqın versiyasına görə, iş üzrə təqsirləndirilən şəxslər Murmansk vilayətinin Tikinti Nazirliyinə ayrılmış 39 milyon rubldan çox büdcə vəsaitini mənimsəməkdə şübhəli bilinirlər.

Bundan başqa, vilayətin Nəqliyyat Nazirliyinin Apatitı-Kirovsk avtomobil yolunun yenidən qurulması üçün ayırdığı 1 milyard rubldan artıq vəsaitin mənimsənilməsi, eləcə də qanunsuz valyuta əməliyyatlarının həyata keçirilməsi ittihamları da irəli sürülüb.

İrina Volkun sözlərinə görə, cinayət işinin istintaqının gedişi Rusiya DİN-in İstintaq Departamentinin rəhbərliyinin nəzarətindədir.

Noyabrın 23-də TASS-a açıqlama verən vilayətin İnformasiya Siyasəti naziri İrina Brinkova bildirib ki, Murmansk vilayəti hökumətində istintaq tədbirləri aparılır və hüquq-mühafizə orqanlarına lazımi kömək göstərilir.

Hüquqşünas Dmitri Minov bildirib ki, məhkəmə Andrey Çibisi ona qarşı irəli sürülən bütün cinayətlərdə təqsirli bilsə, qubernatoru 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Andrey Çibis 2013–2019-cu illərdə Rusiyanın Tikinti və Mənzil-Kommunal Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.

2019-cu ilin martında Murmansk vilayətinin qubernatoru vəzifəsini icra edən şəxs təyin olunub. Həmin ilin sentyabrında keçirilən seçkilərdə vilayətin rəhbəri seçilib. 2024-cü ildə isə yenidən bu vəzifəyə seçilib.

2024-cü ilin aprelində Apatitı şəhərinin sakinləri ilə görüşdən sonra bıçaqlı hücuma məruz qalıb və yaralanıb.

TASS-ın tanış olduğu ötən ilə aid vergi bəyannaməsinə əsasən, Andrey Çibisin 2025-ci ildə gəliri 5 milyon rubldan bir qədər çox olub. Onun adına ümumilikdə 7 milyon rubl vəsait saxlanılan altı bank hesabı qeydə alınıb.

Qubernator Moskvada sahəsi 76,2 və 133 kvadratmetr olan iki mənzilə, həmçinin avtomobil dayanacağına sahibdir. Bundan başqa, onun adına iki qaraj və üç torpaq sahəsi rəsmiləşdirilib.

Çibisin bəyannaməsində aşağıdakı nəqliyyat vasitələri də yer alıb:

2021-ci il istehsalı Can-Am Outlander markalı qar və bataqlıq üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi; 2011-ci il istehsalı Mercedes-Benz ML-Class 250; 2016-cı il istehsalı Toyota Land Cruiser 200; 2011-ci il istehsalı Arctic Cat markalı qar skuteri.

Bundan əlavə, Murmansk vilayətinin qubernatorunun həyat yoldaşı ilə birlikdə İspaniyada yaşayış evi də var.

Mənbə: Modern.az · 24.11.2026, 14:37 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az Məşhur qubernator saxlanıldı

Modern.az saytında oxu