Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO

· 1 mənbə

Moskvada “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ticarət və iqtisadi əməkdaşlığın perspektivləri” mövzusunda işgüzar səhər yeməyi keçirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, tədbir Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları və Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə təşkil olunub.

Tədbirdə Rusiyadakı nazirliklərin və qurumların, şirkətlərin və hər iki ölkənin biznes dairələrinin əsas nümayəndələri bir araya gələrək, iki ölkə arasında ticarət, iqtisadiyyat və investisiya sahəsində mövcud vəziyyəti, çətinlikləri və perspektivli əməkdaşlığın istiqamətlərini müzakirə ediblər.

Görüşdə əsas məruzəçilər Rusiya Federasiyasının Sənaye və Ticarət nazirinin müavini Roman Çekuşov, Azərbaycan Respublikasının səfiri Rəhman Mustafayev, Azərbaycan-Rusiya Biznes Şurasının sədri Emin Ağalarov, Rusiya-Azərbaycan Biznes Şurasının sədri Aleksey Repik, "Rusiya İxrac Mərkəzi" ASC-nin baş direktoru Veronika Nikişina, Nijni Novqorod Vilayəti Hökumətinin sədr müavini Dmitri Starostin və sənaye şirkətləri və bankların nümayəndələri olub.

İştirakçılar iki ölkə arasında qarşılıqlı ticarətin artımını, birgə müəssisələrin yaradılması və biznesə maneələrin aradan qaldırılmasını ətraflı müzakirə ediblər. Çıxışçılar artımın əsas hərəkətverici qüvvələrindən birinin regionlararası iqtisadi əməkdaşlığın dərinləşdirilməsi - Rusiya və Azərbaycanın regionlarının birbaşa investisiya və istehsal layihələrində fəal iştirakı olması barədə razılığa gəliblər.

Biznes proqramının bir hissəsi olaraq, Azərbaycan-Rusiya Biznes Şurasının sədri Emin Ağalarov genişmiqyaslı kurort və yaşayış kompleksi və investisiya platforması olan “Sea Breeze”i təqdim edib.

Görüş zamanı iştirakçılar biznes fəaliyyətinin daha da genişləndirilməsində, sənaye əməkdaşlığının inkişafında, istehsalın lokallaşdırılmasında, ixrac-idxal əməliyyatlarına kredit dəstəyinin verilməsində və Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş yeni birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Mənbə: APA · 27.11.2026, 18:04 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu