Peşə təhsili müəssisələrinə qəbulun nəticələri müzakirə olundu
· 1 mənbə
Noyabrın 27-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2026–2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinin və pedaqoji şuraların fəaliyyətini tənzimləyən yeni əsasnamələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşü giriş sözü ilə açan Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman peşə təhsili sahəsində həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər, eləcə də peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əsas prioritetlər və gözləntilər barədə məlumat verib.
Daha sonra Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı Rəbiyyə Museyibzadə 2026–2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə dair təqdimatla çıxış edib. Təqdimatda 2021–2022-ci tədris ilindən etibarən tələbə qəbulunun dinamikası, plan yerləri və faktiki qəbul göstəriciləri, həmçinin ixtisaslar və təhsil müəssisələri üzrə qəbul nəticələri müqayisəli şəkildə təhlil olunub. Bununla yanaşı, qəbul olunan tələbələrin demoqrafik göstəriciləri və peşə təhsili məzunlarının məşğulluq vəziyyətinə dair məlumatlar təqdim edilib.
Görüşün davamında Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı Turan Sadıqlı Elm və Təhsil Nazirliyinin Kollegiyasının 6 oktyabr 2026-cı il tarixli KQ-09 nömrəli qərarı ilə təsdiq edilmiş peşə təhsili müəssisələrinin pedaqoji şuralarının fəaliyyətini tənzimləyən əsasnamələrə dair təqdimatla çıxış edib. Təqdimatda “Dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”, “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə” və “Xüsusi peşə təhsili müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə” barədə ətraflı məlumat verilib. Həmçinin pedaqoji şuraların formalaşdırılması, fəaliyyətinin təşkili, səlahiyyətləri və təhsil müəssisələrinin idarə olunmasında rolu ilə bağlı əsas müddəalar diqqətə çatdırılıb.
Görüşün sonunda peşə təhsili müəssisələrinin rəhbərləri ilə tələbə qəbulunun nəticələri, mövcud çağırışlar, yeni normativ hüquqi tələblərin tətbiqi və qarşıda duran prioritet vəzifələr ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mənbə: Qafqazinfo · 27.11.2026, 18:14 · orijinal məqalə