"Müharibə sabah bitə bilər"
· 1 mənbə
Əgər İranın dəstəklədiyi husilər BMT-nin sülh planı ilə razılaşaraq danışıqlar masası arxasına əyləşərlərsə, Yəməndəki müharibə qısa zamanda başa çata bilər.
Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının nümayəndəsi Türki əl-Maliki "Reuters"ə müsahibəsində bildirib.
"Əgər husilər Yəmən hökuməti ilə birlikdə yol xəritəsini izləməyə qərar verərlərsə, müharibə sabah bitə bilər", - o, diplomatik nizamlanmanın üstünlük verilən variant olaraq qaldığını vurğulayıb.
Əl-Malikinin sözlərinə görə, razılaşmalar əldə olunana qədər koalisiya Yəmən hökumət qüvvələrinə gecə-gündüz hava dəstəyi göstərməyə, husilərin hərbi infrastrukturuna zərbələr endirməyə və onların Səudiyyə şəhərlərinə hücum imkanlarını azaltmağa davam edəcək.
O həmçinin bildirib ki, Ər-Riyad Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin müvəqqəti paytaxtı olan Ədən ətrafında "qırmızı xətt" müəyyən edib. Onun sözlərinə görə, koalisiya şəhəri qüvvələri təxminən 60 km məsafədə yerləşən husilərin hücumundan qorumaq üçün əlindən gələni edəcək.
Əl-Maliki Yəmənə əlavə Səudiyyə quru qoşunlarının göndərilməsi ehtimalını istisna edərək ölkənin hökumət qüvvələrinin kifayət qədər insan və hərbi resurslara malik olduğunu deyib. Bununla yanaşı, o, Yəmən ordusunun fəaliyyətində koordinasiya problemlərinin və taktiki səhvlərin olduğunu etiraf edib.
Koalisiya nümayəndəsi həmçinin Səudiyyə Ərəbistanında hava hücumundan müdafiə sistemləri üçün önləyici raketlərin çatışmazlığı barədə xəbərləri təkzib edib.
"Biz silah alırıq. Bu, hökumətlərarası razılaşma çərçivəsində baş verir və bizdə heç bir qıtlıq yoxdur. Sizi əmin edirəm ki, ölkəmizi qorumaq imkanımız var", - o bildirib.
Husilərin Səudiyyə obyektlərinə hücumlarını şərh edən əl-Maliki bunları hərbi əməliyyatlar deyil, mülki əhaliyə və infrastruktura qarşı terror aktları adlandırıb.
Mənbə: Publika.az · 29.11.2026, 16:55 · orijinal məqalə