Myanmada toy keçirilən evə hava zərbəsi endirilib, 17 nəfər ölüb
· 1 mənbə
Şənbə günü Myanmanın münaqişə bölgəsində toy mərasiminin keçirildiyi evə hava zərbəsi endirilib.
Bu barədə “Frans Press” Agentliyi (AFP) məlumat yayıb.
Hadisə Şan və Karenni ştatlarının sərhədində, məcburi köçkünlərin çoxluq təşkil etdiyi Moe Bye bölgəsinin kəndlərindən birində baş verib.
Hadisənin şahidi bildirib ki, 17 meyit və çoxlu sayda yaralı görüb.
Çəkilmiş videolarda zərbədən sonra qan içində olan yaralıların müalicə üçün hadisə yerindən aparıldığı görünür.
Qeyd edək ki, 2021-ci ildə hərbi çevriliş nəticəsində Aun San Su Çjinin seçilmiş hökumətinin devrilməsindən sonra Myanmada vətəndaş müharibəsi davam edir. Münaqişəni izləyən ACLED təşkilatının məlumatına görə, bütün tərəflərdən 100 mindən çox insan həlak olub.
Hərbçilər Moe Bye şəhərinə nəzarət etsələr də, müxalifət qüvvələri şəhərdən kənardakı kəndlərdə və kənd yerlərində fəaliyyət göstərirlər.
Hadisə ilə bağlı şərh almaq üçün Myanma Hərbi Qüvvələri ilə əlaqə saxlamaq mümkün olmayıb.
Mənbə: APA · 29.11.2026, 10:20 · orijinal məqalə