Trampdan sonra daha bir məşhur Ağ Evə hazırlaşır? – Makkonahidən prezidentlik mesajı

· 1 mənbə

Amerikalı məşhur aktyor Metyu Makkonahi ABŞ-da 2028-ci ildə keçiriləcək prezident seçkilərində müstəqil namizəd kimi iştirak edə bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın "The Hill" saytı yazıb. Nəşr Demokratlar və Respublikaçılar partiyalarından olmayan potensial dövlət başçısı namizədlərini təhlil edərkən belə bir qənaətə gəlib.

Məqalə müəllifi xatırladıb ki, əslində məşhurlar siyasət dünyasına yad deyillər və Ağ Evin hazırkı rəhbəri Donald Tramp da vaxtilə realiti-şoudan prezidentliyə doğru addımlayıb. Məqalədə həmçinin qeyd olunur ki, Makkonahinin özü də kinematoqrafiya sahəsini tərk edərək siyasi fəaliyyətlə məşğul ola biləcəyi ilə bağlı ehtimallara bir növ zəmin yaradır.

"The Hill" yazır ki, ABŞ-dakı aralıq seçkilər ərəfəsində aktyor videomüraciət yayımlayıb. O, müstəqil namizədlərin qanunvericiləri "əksər Amerika dəyərlərinin cəmləşdiyi mərkəzə" qaytara biləcəyini iddia edib.

"Ona görə də müstəqil namizədlər mübarizəyə qoşulmalıdırlar. Onlar etiraz əlaməti və ya dağıdıcı amil kimi yox, seçki bülleteninə daxil edilməli olan və ciddi şəkildə nəzərdən keçirəcəyimiz real və potensial qaliblər kimi qoşulmalıdır", — deyə Makkonahi bildirib.

Sayt məhz bu amilin aktyorun gələcək planlarına "mümkün eyham" ola biləcəyini vurğulayır.

Məqalədə digər 5 məşhurun da müstəqil namizəd olacağı ehtimal edilib. Bunların arasında Endrü Yanq və Taker Karlson da var.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2028-ci il noyabrın 7-nə təyin edilib. Bu mühüm siyasi marafonun qalibi ABŞ-ın 48-ci prezidenti olacaq və 2029-cu il yanvarın 20-də keçiriləcək inauqurasiya mərasimində vəzifəsinin icrasına başlayacaq.

Müəllif: Tural

Mənbə: Publika.az · 29.11.2026, 10:31 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu