“Napoli”də böhran dərinləşir: De Bruyne ayrılmağa hazırlaşır

· 1 mənbə

İtaliyanın “Napoli” klubunda uğursuz nəticələr komanda daxilində gərginliyi artırıb. Soyunub-geyinmə otağında yaranan narazılıqlar, baş məşqçi Massimiliano Alleqrinin taktiki qərarları və Kevin De Bruynenin mümkün ayrılığı Neapol təmsilçisinin gündəmini zəbt edib.

Publika.az xəbər verir ki, son dörd mövsümdə iki dəfə İtaliya çempionu olan “Napoli” cari mövsümün 12 turundan sonra turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Komanda lider “Latsio”dan 14 xal geri qalır.

Klubun yayda heyətinə qatdığı De Bruyne də gözlənilən təsiri göstərə bilməyib. Belçikalı futbolçu ötən mövsümün sonunda Antonio Kontenin komandadan ayrılmasına sevindiyini gizlətməyib. O, italiyalı mütəxəssisin müdafiəyönümlü oyun sistemindən narazı olduğunu və öz mövqeyində çıxış etmək imkanının məhdudlaşdığını bildirib.

De Bruynenin sözlərinə görə, Kontenin rəhbərliyi altında komandanın futbol fəlsəfəsi onun gözləntilərinə uyğun olmayıb. Lakin yeni baş məşqçi Alleqri də yarımmüdafiəçini müxtəlif mövqelərdə oynatmaqla onun narazılığını aradan qaldıra bilməyib.

“Napoli”də problemlər yalnız meydandakı nəticələrlə məhdudlaşmır. Komandanın “Yuventus”a 0:2, Çempionlar Liqasında isə “Portu”ya 1:4 hesabı ilə məğlub olmasından sonra futbolçular arasında narazılıq açıq şəkildə üzə çıxıb.

“Portu” ilə oyundan sonra Matteo Politano bəzi komanda yoldaşlarının da mətbuat qarşısına çıxaraq açıqlama verməli olduğunu bildirib. Onun bu sözləri İtaliya mediasında komanda daxilində parçalanma ilə bağlı müzakirələrə səbəb olub. Mətbuatda Politano ilə bəzi futbolçular arasında narazılığın olduğu, xüsusilə Andre-Frank Zambo Angissa və Amir Rrahmani ilə bağlı gərginlik yaşandığı iddia edilib.

Klub prezidenti Aurelio De Laurentis isə komandada ciddi münaqişənin olması barədə xəbərləri təkzib edib. O, Alleqrinin mətbuat konfransını ləğv etməsini futbolçuların diqqətini oyunlara yönəltmək istəyi ilə izah edib.

Bununla belə, “Napoli” son iki qarşılaşmada müəyyən irəliləyiş əldə edib. Komanda “Latsio” ilə heç-heçə edib, daha sonra “Torino” üzərində çətin qələbə qazanıb.

Altı dəfə İtaliya çempionu olmuş Alleqrinin də fəaliyyəti ciddi tənqidlərə məruz qalır. İtaliyanın sabiq futbolçusu Antonio Kassano mütəxəssisin futbol yanaşmasının artıq müasir tələblərə cavab vermədiyini bildirib. Onun fikrincə, “Napoli”nin heyət və maliyyə imkanları nəzərə alınanda turnir cədvəlindəki mövqeyi qəbuledilməzdir.

Klubun idman direktoru Covanni Manna da yay transferlərində səhvlərə yol verildiyini etiraf edib. O, yanvar transfer pəncərəsində heyətdəki çatışmazlıqların aradan qaldırılacağını bildirib. Komandada gözləntiləri doğrultmayan Lorenzo Lucca və Noa Lanqın ayrılacağı ehtimal olunur.

“Napoli”dən ayrılması gündəmdə olan futbolçulardan biri də Kevin De Bruynedir. Belçikalı yarımmüdafiəçinin klubla müqaviləsinin müddətinin bitməsinə altı ay qalıb. Razılaşmada müqaviləni daha bir il uzatmaq imkanı da nəzərdə tutulub.

Niderlandın “Voetbal” nəşrinin iddiasına görə, futbolçunun nümayəndələri onun yanvarda PSV-yə keçidi ilə bağlı danışıqlar aparıblar. De Bruynenin həyat yoldaşı Mişel də ailənin Niderlandın Limburq bölgəsinə köçmək istədiyini açıqlayıb. O, Kevin üçün Neapoldakı həyatın məhdud olduğunu və bunun futbolçunu xoşbəxt etmədiyini bildirib.

De Bruynenin yanvarda komandadan ayrılması “Napoli” üçün maliyyə baxımından da sərfəli ola bilər. Klub futbolçunun maaş yükündən azad olmaqla yanaşı, onun satışından gəlir əldə edə bilər.

Bununla belə, Belçika millisindəki son çıxışları De Bruynenin hələ də yüksək səviyyədə oynamaq gücündə olduğunu göstərir. Qarşıdakı həftələrdə onun gələcəyi ilə bağlı qərarın verilməsi gözlənilir. Beləliklə, futbolçunun sabiq klubu “Mançester Siti” ilə Çempionlar Liqası qarşılaşması həm də onun karyerasının növbəti mərhələsi baxımından xüsusi əhəmiyyət daşıyacaq.

Mənbə: Publika.az · 24.11.2026, 22:00 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu