Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib
· 1 mənbə
Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsinin (DRİ) əməkdaşlığı çərçivəsində Naxçıvanda Regional Radiomonitorinq Stansiyası yaradılaraq istifadəyə verilib.
Stansiyanın yaradılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 dekabr tarixli 633s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planının 8.7.1.2.4-cü bəndində nəzərdə tutulan "Dövlət Radiotezliklər İdarəsinin Naxçıvan regional məntəqəsinin yaradılması" tədbirinin icrası çərçivəsində həyata keçirilib.
Layihə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilati dəstəyi ilə və mövcud infrastrukturundan istifadə edilməklə həyata keçirilib. Dövlət Radiotezliklər İdarəsi tərəfindən stansiyanın müasir texniki və ölçü avadanlıqları ilə təchizatı və fəaliyyətinin təşkili təmin olunub.
Stansiyanın əsas fəaliyyət istiqamətləri muxtar respublika ərazisində radiotezlik spektrindən və radioelektron vasitələrdən istifadəyə nəzarətin gücləndirilməsi, operativ radiomonitorinqin həyata keçirilməsi, radiotezlik istifadəçilərinin uçotunun aparılması və onların fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir.
YENİLƏNİR
Mənbə: Report · 26.11.2026, 16:43 · orijinal məqalə