Gürcüstanda torpaq sürüşməsi nəticəsində 17 yaşayış binasına ziyan dəyib

· 1 mənbə

Gürcüstanın Tsageri bələdiyyəsinin Laylaşi kəndində gecə saatlarında baş verən torpaq sürüşməsi nəticəsində 17 yaşayış binasına və həyətyanı sahələrə ziyan dəyib, əhali təhlükəsiz əraziyə təxliyə olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bölgədə son günlər yağan güclü yağışlar müvəqqəti sabitləşdirilmiş genişmiqyaslı sürüşmə obyektinin konturu daxilində ikinci dərəcəli sürüşmə sahələrinin aktivləşməsinə səbəb olub.

Hazırda Milli Ətraf Mühit Agentliyinin geoloqları hadisə yerində vəziyyəti qiymətləndirir. Mütəxəssislər ərazidə, eləcə də vətəndaşların evlərində və həyətyanı sahələrində monitorinq aparırlar.

Təhlükəsizlik tədbirləri çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq bölmələri də əraziyə cəlb olunub.

Agentlik bildirib ki, müxtəlif illərdə geoloqlar Laylaşi kəndində həm infrastruktur obyektlərini, həm də həyətyanı sahələri qiymətləndirib və müvafiq tövsiyələr veriblər.

Mənbə: Report · 26.11.2026, 16:47 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu