Papa Fransiskin sirr dəftəri üzə çıxdı: Şeytanın gözlərini və səsini unuda bilmirəm

· 1 mənbə

Papa Fransiskin ölümündən sonra şəxsi gündəliyi yayımlanıb. Sabiq papanın illərlə heç kimlə bölüşmədiyi qeydlərində diqqətçəkən etiraflar yer alıb.

Publika.az xəbər verir ki, Vatikan tərəfindən yayımlanan və müxtəlif dillərdə nəşr olunan “Papa Fransiskin şəxsi gündəliyi” adlı kitab onun ictimaiyyətə məlum olmayan daxili dünyasını üzə çıxarıb.

Gündəlik 1992-ci ildə, Fransiskin Buenos-Ayresdə köməkçi yepiskop olduğu dövrdən başlayır və 18 avqust 2024-cü il tarixinə qədər davam edir. Əsər papanın yaxın köməkçisi, kardinal Viktor Manuel Fernandes tərəfindən nəşrə hazırlanıb.

Gündəliyin ən diqqətçəkən hissələrindən biri Fransiskin şeytanla qarşılaşdığını düşündüyü üç hadisə ilə bağlıdır. Bu hadisələrin ikisi Buenos-Ayresdə, digəri isə 2018-ci ildə Çiliyə səfərindən sonra baş verib.

24 yanvar 2021-ci il tarixli qeydində Fransisk Romaya qayıtdıqdan bir neçə gün sonra iştirak etdiyi toplantıda şeytanı gördüyünü və səsini eşitdiyini yazıb. Onun sözlərinə görə, şeytan özünü qalib gəlmiş kimi apararaq belə deyib: “Artıq istədiyim hər şeyi əldə etdim”.

Sabiq papa əvvəlki iki qarşılaşmada şeytanın gözlərini, sonuncu hadisədə isə onun güclü və boğuq səsini yaddaşından silə bilmədiyini qeyd edib.

Kardinal Fernandes bildirib ki, Fransisk şəxsi düşüncələrini heç kimin aça bilməyəcəyi xüsusi şifrə ilə yazıb. Bu qeydlər kitabda yayımlanmayıb. Fernandes üçüncü şəxslərə zərər verə biləcək bəzi məlumatları da nəşrə daxil etmədiyini vurğulayıb. Onun sözlərinə görə, əsərin əsas məqsədi papanın siyasi və institusional fəaliyyətini deyil, mənəvi dünyasını əks etdirməkdir.

Fernandessin sözlərinə görə, Fransisk gündəliyi ona şəxsən göstərib və ölümündən sonra yayımlanması ilə bağlı məsuliyyəti həvalə edib.

Qeyd edək ki, Papa Fransisk 21 aprel 2025-ci ildə vəfat edib.

Müəllif: Roza

Mənbə: Publika.az · 24.11.2026, 14:42 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu