Paris hava limanı işçiləri tətil elan etdilər
· 1 mənbə
Paris hava limanlarının əməkdaşları dekabrın 17-dən 20-dək dörd günlük tətil elan ediblər.
Publika.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Nəşrin yazdığına görə, aksiyaya Şarl-de-Qoll və Orli hava limanlarını idarə edən “Aéroports de Paris” (ADP) şirkətinin əməkdaşlarını təmsil edən CGT və FO həmkarlar ittifaqları çağırış ediblər.
“Le Figaro”nun məlumatına görə, əməkdaşlar evdən işə gediş-gəliş xərclərinin kompensasiyasının 20 faiz artırılmasını, 1 000 avro məbləğində yanacaq mükafatının ödənilməsini və əlavə işçilərin işə götürülməsini tələb edirlər. Həmçinin həmkarlar ittifaqları bütün vakant vəzifələrin doldurulmasını, eləcə də əməkdaşların hava limanlarının ərazisinə giriş icazələrinin müvəqqəti və ya daimi ləğvi ilə bağlı şikayətlərə baxılması üçün komissiya yaradılmasını tələb edirlər.
Bildirilib ki, tətil dekabrın 17-də saat 05:00-da başlayacaq və dekabrın 20-də gecə yarısı başa çatacaq.
Fransada kütləvi etirazlar 2026-cı ilin sentyabr ayının sonundan davam edir. Əvvəlcə müəllim çatışmazlığından və təhsil sistemindəki problemlərdən narazı olan məktəblilər küçələrə çıxıblar. Daha sonra aksiyalara tələbələr, həmkarlar ittifaqları və işçi hərəkatlarının nümayəndələri də qoşulublar. Onlar yanacağın qiymətinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına etiraz ediblər.
Hüseyn İbadlı
Mənbə: Publika.az · 28.11.2026, 19:24 · orijinal məqalə