Parkda skamyada oturub ağladı, cərimələndi: Səbəb hər kəsi təəccübləndirdi

· 1 mənbə

Almaniyada parkda skamyada oturaraq telefonla danışan 31 yaşlı qadın gözlənilməz hadisə ilə üzləşib, ona 25 avro cərimə tətbiq edilib.

Publika.az xəbər verir ki, bu barədə “Westdeutsche Allgemeine Zeitung” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə Gelsenkirhen şəhərinin Hassel rayonunda yerləşən Glückaufparkda baş verib.

Məlumata görə, üzgün olan qadın parkda skamyada oturaraq yaxını ilə telefonla danışarkən göz yaşlarını saxlaya bilməyib. Bu zaman üç bələdiyyə nəzarətçisi ona yaxınlaşaraq parkda oynayan iki uşağın ona məxsus olub-olmadığını soruşub. Qadın uşaqların anası olmadığını bildirdikdən sonra əməkdaşlar ondan şəxsiyyət vəsiqəsini tələb ediblər. Ardınca isə park qaydalarını pozduğu əsas gətirilərək ona 25 avro cərimə tətbiq ediləcəyi bildirilib.

Məlum olub ki, Gelsenkirhen bələdiyyəsinin ictimai asayişlə bağlı qaydalarına əsasən, uşaq parklarında yalnız 14 yaşınadək uşaqlar, onları müşayiət edən valideynlər və ya uşaqlara nəzarət edən şəxslər ola bilər. Bu səbəbdən yanında uşaq olmayan böyüklərin parkdakı skamyalarda oturmasına da icazə verilmir.

Lakin parkın girişindəki məlumat lövhəsində böyüklərin skamyalarda oturmasının qadağan edildiyi açıq şəkildə göstərilməyib. Qadın da belə bir qaydadan xəbərsiz olduğunu bildirərək əməkdaşların davranışına etiraz edib.

Müəllif: Roza

Mənbə: Publika.az · 26.11.2026, 17:46 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu