Qafqaz Albaniyasınn tarixi yenidən araşdırılacaq - Rəsmi
· 1 mənbə
Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli 2027-ci ilin arxeoloji tədqiqatlarında Şərqi Zəngəzurdakı Qafqaz Albaniyası abidələrinin öyrənilməsinə üstünlük verilməsini təklif edib.
Trend-in müxbiri xəbər verir ki, İsa Həbibbəyli bu barədə “Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində” adlı XIII Beynəlxalq Elmi Konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, alban abidələrinin böyük əksəriyyəti uzun illər işğal altında qaldığından arxeoloji tədqiqatlara cəlb edilməyib. AMEA prezidenti indiyədək aparılan ilkin araşdırmaların faydalı nəticələr verdiyini bildirib.
İsa Həbibbəyli alban yazılı abidələrinin yenidən araşdırılmasının və mətnlərin orijinal əsasında elmi dəqiqliklə tərcümə edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bəzi alban mətnləri tərcümə zamanı təhrif edilib. O, Qarabağ, Şərqi Zəngəzur və digər ərazilərdəki alban abidələrinə vurulduğunu bildirdiyi zərərin, eləcə də abidələrə sonradan edilmiş müdaxilələrin araşdırılmasını təklif edib.
AMEA prezidenti daş kitabələrin və digər epiqrafik abidələrin öyrənilməsi üçün akademiyanın Rəyasət Heyəti yanında komissiya yaradılmasını da təklif edib. O bildirib ki, Qafqaz Albaniyasının tədqiqinə tarixçi və arxeoloqlarla yanaşı, etnoqrafiya, folklor, dilçilik, ədəbiyyat, sənətşünaslıq və memarlıq üzrə mütəxəssislər də cəlb olunmalıdır.
Həbibbəyli Qafqaz Albaniyasının tədqiqatçısı Fəridə Məmmədovanın kitablarının nadir nüsxələrə çevrildiyini qeyd edib. O, həmin əsərlərin yenidən tərcümə olunaraq Azərbaycan oxucularına çatdırılmasını təklif edib.
AMEA prezidenti Tarix İnstitutunun və Qafqaz Albaniyası Mərkəzinin bu sahədəki fəaliyyətini də yüksək qiymətləndirib. O, albanşünaslıq üzrə tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim olunması istiqamətində görülən işlərdən danışaraq Romada keçirilmiş tədbiri xatırladıb.
İ. Həbibbəyli qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqaz Albaniyasının tədqiqi çərçivəsində ilk dəfə antropoloji və etnoqrafik ekspedisiyalar təşkil etməyi planlaşdırır.
O bildirib ki, Qafqaz Albaniyasının tarixi əraziləri, həmin ərazilərin müasir dövrdə hansı ölkələrə aid olması və tarixi abidələrin mənsubiyyəti ilə bağlı müxtəlif ölkələr arasında ciddi fikir ayrılıqları var. Onun sözlərinə görə, bu mövzuda aparılan tədqiqatlara baxmayaraq, bir sıra mühüm məsələlərin araşdırılmasına ehtiyac qalır.
AMEA prezidenti Qafqaz Albaniyası haqqında yazan alman müəlliflərinin əsərlərinin orijinal mətnlərinin müəyyənləşdirilməsi, əldə olunması və Azərbaycan dilinə tərcüməsi üçün təşəbbüslə çıxış edəcəklərini də bildirib. Həbibbəyli həmin əsərlərin beynəlxalq ictimaiyyətə təqdim olunan bəzi tərcümələrində həqiqətə uyğun olmayan tezislərin yer aldığını deyib.
Mənbə: Trend · 27.11.2026, 10:47 · orijinal məqalə