Qışda saçlara necə qulluq edilməlidir?
· 1 mənbə
Qış aylarında saçlara qulluq nəmləndirmə, qoruma və qidalandırmanı əhatə etməlidir. Saçları ağırlaşdırmamaq üçün yüngül teksturalı vasitələrdən istifadə etmək vacibdir.
Publika.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya "AlterEgo Italy" şirkətinin stilisti və texnoloqu Olesya Xafizova bildirib.
“Şaxta, külək, isitmə sistemlərindən qaynaqlanan quru hava, papaq və şərflər saçların parlaqlığını itirməsinə, uclarının qurumasına, baş dərisinin isə həssaslaşmasına səbəb olur. Qulluğa ilk növbədə yumşaq təmizləmədən başlamağı tövsiyə edirəm. Ənənəvi sulfat tərkibli maddələri daha yumşaq səthi aktiv maddələrlə əvəz etmək lazımdır. Saçları həftədə 2-3 dəfə yumaq kifayətdir: şampun saçın dibinə çəkilməli, uzunluğu isə yaranan köpüklə yuyulmalıdır. Hər yumadan sonra kondisionerdən istifadə etmək vacibdir. Əks halda, saçın kutikula təbəqəsi açıq qalır və saç nəmini itirir”, – deyə Xafizova qeyd edib.
Ekspert qış aylarında istifadə üçün tərkibində yağlar və hialuron turşusu olan vasitələr seçməyi tövsiyə edib.
“Şi və zeytun yağları quru, məsaməli saçları qidalandırır və nəmin saxlanmasına kömək edir. Arqan yağı saçları ağırlaşdırmadan yumşaldır və elastikliyini bərpa edir. Həbəşistan yağı, xüsusilə boyanmış saçlarda hamarlığı və parlaqlığı qoruyur. Buğda zülalları saçdakı mikrozədələri doldurur və onun strukturunu möhkəmləndirir. Hialuron turşusu isə nəmləndirməni təmin edir və saçlara dolğunluq verir”, – deyə Xafizova izah edib.
Onun sözlərinə görə, qış aylarında saçlara qulluq vasitələri saçın tipinə uyğun seçilməlidir. Məsələn, nazik telli saçlar üçün yüngül kondisionerlər və tərkibində qulluq komponentləri olan termal qoruyucu vasitələr uyğundur.
“Boyanmış saçlarda piqmentin qorunması vacibdir. Bunun üçün saçları temperaturu 37 dərəcədən yüksək olmayan ilıq su ilə yumaq, prosedurun sonunda sərin su ilə yaxalamaq, həftədə 1-2 dəfə isə saçın uzunluğuna maska çəkmək lazımdır. Quru və məsaməli saçlar üçün arqan, zeytun və kokos yağları, buğda zülalları və hialuron turşusu olan maskalar uyğundur. Yağlı və quru baş dərisi üçün yüngül flüidlər tövsiyə edirəm. Onlar dərini üzərində qat hissi yaratmadan nəmləndirir və piy vəzilərinin fəaliyyətini stimullaşdırmır. Qabıqlanma ilə müşayiət olunan həssas baş dərisi üçün pH göstəricisi 4-4,5 olan, mümkün qədər kəskin ətirli maddələr ehtiva etməyən vasitələr seçmək lazımdır”, – deyə Xafizova bildirib.
Hüsyen İbadlı
Mənbə: Publika.az · 26.11.2026, 21:36 · orijinal məqalə