"Qurdla qiyamətə qalmaq" reallaşır: 1400 il yaşaya biləcəyik
· 1 mənbə
Süni intellekt gələcəkdə insan ömrünü 1200-1400 ilə qədər uzada, hətta qocalma prosesini dayandıra bilər.
Publika.az xəbər verir ki, Oksford Universitetinin keçmiş professoru, tədqiqatçı Nik Bostrom təhlükəsiz süni intellektin biotibb və qocalma ilə bağlı araşdırmalarda inqilabi nailiyyətlərə yol aça biləcəyini bildirib.
Onun fikrincə, süni intellekt insan orqanizminin qocalmasının qarşısını almağa və ömür boyu gənclik dövrünə xas fiziki vəziyyəti qorumağa imkan verə bilər.
Bostrom hesab edir ki, gələcəkdə insanlar 1000 ildən çox yaşaya biləcəklər. Alimin qiymətləndirməsinə görə, qocalmayan insanın ömrü 1200-1400 ilə çata bilər. O, bu müddəti hətta insan orqanizminin imkanlarının aşağı həddi kimi qiymətləndirir.
Tədqiqatçının bu proqnozları süni intellektin təhlükəsizliyi ilə bağlı müzakirələrin genişləndiyi bir vaxta təsadüf edir. Bir sıra alimlər texnologiyanın inkişaf tempinin müəyyən qədər ləngidilməsini, onun məqsədlərinin insan maraqları ilə uzlaşdırılmasını və etibarlı nəzarət mexanizmlərinin yaradılmasını vacib sayırlar.
Bostromun sözlərinə görə, hazırda süni intellektin inkişaf sürəti ilə onun təhlükəsizliyinin təmin edilməsi arasında seçim etmək lazım gəlir. O hesab edir ki, bu texnologiyanın tətbiqinə keçid üçün daha çox vaxt ayrılması onun təhlükəsizliyini artıra bilər.
Bununla belə, alim inkişaf və təhlükəsizlik arasında tarazlığın qorunmasının vacibliyini vurğulayıb. Onun fikrincə, əlavə araşdırmalar süni intellektlə bağlı riskləri azalda bilər. Lakin bu sahədə gecikmələr hər il bəşəriyyətə milyonlarla insan həyatı bahasına başa gəlir.
Müəllif: Adəm
Mənbə: Publika.az · 24.11.2026, 10:18 · orijinal məqalə