Rusiyalılar Avropaya buraxılmayacaq: 22-ci sanksiyanın TƏFƏRRÜATI

· 1 mənbə

Avropa Komissiyası Rusiyanın keçmiş hərbi əməliyyat iştirakçılarına viza və giriş qadağası tətbiq edilməsini 22-ci sanksiyalar paketinə daxil etməyi təklif edib.

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

“Rusiyalı keçmiş döyüşçülər Avropanın təhlükəsizliyi üçün təhdid yaradır. Onların ölkələrimizdə sərbəst hərəkət etməsinə icazə verilməməlidir. Bu səbəbdən Avropa İttifaqına girişləri bağlanacaq”, – deyə o bildirib.

Daha əvvəl Bloomberg nəşri də mənbələrə istinadən Aİ-nin bu cür qadağa tətbiq etməyi planlaşdırdığını yazmışdı. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə Ukraynada döyüşmüş rusiyalı hərbçilər barədə məlumatların toplanmasına və onların Avropaya girişinin qadağan edilməsinə çağırmışdı.

Banklara və kriptovalyuta platformalarına məhdudiyyətlər

Fon der Lyayenin sözlərinə görə, daha 60 Rusiya bankının SWIFT sistemindən ayrılması nəzərdə tutulur. Sanksiyalar Rusiyadakı və ona məhdudiyyətlərdən yayınmağa kömək edən üçüncü ölkələrdəki kriptovalyuta və ödəniş şəbəkələrini də əhatə edəcək.

Bu məqsədlə Kriptovalyuta Sanksiyaları üzrə xüsusi işçi qrupu yaradılıb.

Energetika və idman sektoruna sanksiyalar

Aİ Avropa şirkətlərinin Rusiyada enerji infrastrukturu obyektlərinin, xüsusilə neft emalı zavodlarının tikintisinə, istismarına və təmirinə yardım etməsini qadağan etməyi təklif edir.

Bundan əlavə, Rusiyanın “kölgə donanması” ilə əlaqələndirilən 70-dən çox gəmi sanksiya siyahısına daxil ediləcək. Rusiyada sığortalanmış bütün tankerlərin istifadəsinə də qadağa təklif olunur.

Avropa vətəndaşlarının Rusiyadakı şirkətlərdə rəhbər vəzifə tutması, Rusiya komandalarının və idmançılarının isə Aİ ərazisində Rusiya bayrağı altında yarışlarda iştirakı qadağan edilə bilər. İdman tədbirlərində rəsmi Rusiya simvollarının nümayişinə də məhdudiyyət nəzərdə tutulur.

Həmçinin rusiyalı sponsorların Avropadakı idman və mədəniyyət təşkilatlarına maliyyə dəstəyi, eləcə də Rusiya vətəndaşlarının Avropa idman federasiyalarında rəhbər vəzifələr tutması məhdudlaşdırılacaq.

Qeyd edək ki, Aİ-nin 22-ci sanksiyalar paketinin qüvvəyə minməsi üçün üzv ölkələrin yekdil razılığı tələb olunur.

Mənbə: Modern.az · 23.11.2026, 21:00 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu