Saiçiç: Serbiyaya yeni hökumət mümkün qədər tez formalaşdırılmalıdır
· 1 mənbə
Serbiya Prezidentliyinə "Tələbə Siyahısı"nın namizədi Radomir Saiçiç ölkədə yeni hökumətin mümkün qədər tez formalaşdırılmasının vacibliyini bildirib.
"Report"un Balkan bürosu xəbər verir ki, o, hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələrin davam etdiyini və prosesin qanunla müəyyən edilmiş son müddətdən xeyli əvvəl başa çatacağını gözlədiyini deyib.
Saiçiçin sözlərinə görə, yeni hökumətin yaradılması ilə yanaşı, idarəetmə mexanizmlərinin mümkün qədər tez təhvil alınması və ölkədəki mənfi tendensiyaların dayandırılması vacibdir.
"Hazırda texniki mandatla fəaliyyət göstərən gedən hakimiyyət dövləti zəiflətməyə çalışmaqda davam edir. Sistemə daxil olan külli miqdarda maliyyə vəsaiti çıxarılır, həm gələcək hakimiyyətin, həm də Serbiyanın bütün vətəndaşlarının vəziyyətini çətinləşdirən digər addımlar atılır. Buna görə də hökumətin mümkün qədər tez formalaşdırılması və ölkənin bərpası prosesinə başlanılması bizim marağımızdadır", – o, bildirib.
Saiçiç yeni hakimiyyətin əsas vəzifələrindən birinin serb xalqının birliyinə nail olmaq olduğunu da vurğulayıb. Onun iddiasına görə, əvvəlki hakimiyyət Monteneqroda və Serb Respublikasında süni və lazımsız parçalanmalar yaradıb.
Serbiyanın Avropa İttifaqı ilə münasibətlərinə toxunan Saiçiç Avropaya və Avropa dəyərlərinə müsbət yanaşdığını bildirib. Onun sözlərinə görə, hüquqi dövlət, yüksək keyfiyyətli təhsil, ekologiya, istehsal və sənayenin inkişafı, eləcə də iqlim dəyişiklikləri ilə mübarizə Serbiyanın mənimsəməli olduğu əsas Avropa dəyərlərindəndir.
O, Aİ-yə üzvlük imkanının nəzərdən keçirilməli olduğunu, lakin ilk növbədə Avropa dəyərlərinin mənimsənilməsi istiqamətində real irəliləyişə nail olmağın vacibliyini qeyd edib.
Serbiya Tərəqqi Partiyasının (SNS) prezident seçkilərini boykot etmək ehtimalı ilə bağlı suala cavabında isə Saiçiç bunun onun mövqeyinə təsir etmədiyini deyib.
Qeyd edək ki, Radomir Saiçiç noyabrın 27-də "Tələbə Siyahısı" tərəfindən Serbiya prezidentliyinə namizəd kimi təqdim olunub.
Mənbə: Report · 27.11.2026, 18:34 · orijinal məqalə