Sakinlərlə tikinti şirkəti niyə razılıq əldə edə bilmir?
· 1 mənbə
Paytaxtın Nəsimi rayonu Nəsib bəy Yusifbəyli, Mövsüm Sənani, Novruzov qardaşları küçəsinin kəsişməsində yaşayan bir neçə ailə tikinti şirkətindən narazılıq edir.
“Qafqazinfo” “ATV Xəbər”ə istinadən xəbər verir ki, razılıqları alınan sakinlərin evləri sökülür və qazıntı işləri aparılır.
Məlumata görə, evin yaxınlığında qazıntı işlərini icra edən “İron İnşaat” şirkətidir.
Bəs tikinti şirkəti ilə niyə razılıq əldə edə bilmirsiniz sualına isə sakinlər belə cavab verdilər. Şikayətçi Cahangir Ağayev deyir ki, qazıntı işləri evlərinə zərər verir: “Qazıntı işləri bizim evimizə zərər verir. Biz burada yaşaya- yaşaya, bu olmamalı idi, çünki evimiz silkələnir. Çıxarışda həm torpaq qeyd olunub xüsusi mülkiyyət kimi, həm də ev qeyd olunub. Hər ikisinin kompensasiyasını istəyirik, başqa heç nə. Ki, o məbləğlə biz bu ərazidə ev alaq”.
Sakin Tahir Ağayev yaxın yollarının uzaqlaşdırılmasından gileylənir: “Qazıntı evimizə yaxın qazılır, sonra burada kanalizasiya gedir. Yolu qısalıb və bunu da istəyirlər ki, konstruksiya qoyublar, istəyirlər bağlasınlar. Bizim, yəni yaxın yolumuzu uzaq eləmək istəyirlər”.
Tikinti şirkətindən isə bildirilir ki, həmin ünvanda yaşayan əksər sakinlərlə razılıq əldə edilərək köçürülüb. Köçürülən sakinlərin mənzillərinin dəyərindən 20 faiz artıq kvadrat ödənilməklə kirayəyə çıxarılıb. Həmin şəxslərə tam təmirli mənzil veriləcək. Razılıq əldə edilməyənə kimi heç kəsin evi sökülməyəcək.
Şirkətin nümayəndəsi Əkbər Ələkbərov sakinlərlə razılığa gələ bilməməyin səbəbi kimi onların həddən artıq məbləğdə pul istəmələrini göstərib:“5 min, 6 min manat kvadrata pul istəyirlər. Sakinlərin üç dənə əlavə yolları var. Qazıntı işləri aparmaqdan ötrü bütün layihə məsələləri hamısı bütün dövlət tərəfindən, aidiyyəti qurumlar tərəfindən təsdiq olunmuş formadadır, razılıq da verilib, icazələr də rəsmi verilib”.
Tikinti şirkətinin nümayəndəsi həmçinin bildirdi ki, razı olmayan sakinlərlə bağlı məhkəməyə müraciət olunub. Məhkəmə nə qərar verəcəksə, onu da icra etməyə hazırdırlar.
Daha ətraflı videomatrealda:
Mənbə: Qafqazinfo · 24.11.2026, 11:42 · orijinal məqalə