Saxta şirkət yaratdı, Qəddafinin malikanəsini ələ keçirməyə çalışdı

· 1 mənbə

Bir fırıldaqçı məhkəmələri aldatmaq üçün uydurma şirkətlər şəbəkəsi və saxta hüquq firması yaradaraq Müəmmər Qəddafinin oğlunun Londondakı malikanəsini oğurlamağa cəhd edib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

53 yaşlı Səədi Qəddafi Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin üçüncü oğludur. 2009-cu ildə o, gizlicə Şimali Londonda, Hampstead Garden Suburbda 10 milyon funt sterlinqə malikanə alıb. Peşəkar futbolla məşğul olan Səədi, 2011-ci ildə atasının devrilməsindən sonra Liviyadan qaçmazdan əvvəl İtaliyanın “Peruca” və “Udineze” klublarında oynayıb. Hazırda onun Türkiyədə olduğu güman edilir.

60 yaşlı seriyalı fırıldaqçı Lesli Qeyl-Çaylds, “Capitana Seas” və “Capitana Seas 2008” trust şirkətlərini, eləcə də uydurma “Paine Crow & Partners” hüquq firmasını yaratmaqla malikanəni ələ keçirməyə cəhd edib.

O, məhkəmələri əmlaka olan hüququna inandırmağı planlaşdırıb. Fırıldaqçı iki hakimi aldadıb və onlar ayrı-ayrı dinləmələrdə evi onun uydurma şirkətinə köçürəcək sənədləri imzalayıblar.

Plan, Britaniya törəmə şirkəti olan GDUK-un 2008-ci ildə Liviya ilə rabitə sistemlərinin təchizatı üçün 28 milyon funt sterlinq dəyərində müqavilə imzalayan Amerika müdafiə nəhəngi “General Dynamics” tərəfindən aşkar edilib.

Liviya alınan avadanlıqların pulunu ödəməyib. Bundan sonra GDUK Qəddafinin malikanəsinə qarşı məhkəmə qərarı alıb. Fırıldaqçı bu mübahisədən sui-istifadə etməyə çalışıb. Lakin “General Dynamics”in vəkilləri Liviya hakimiyyəti ilə əlaqə saxlayaraq həmin şəxsin onların xəbəri olmadan hərəkət etdiyini aşkar ediblər.

Apelyasiya şikayəti "tamamilə əsassız" olduğu üçün rədd edilib və “Gale-Childs”ə 324.000 funt sterlinqdən çox məhkəmə xərclərini ödəmək tapşırılıb.

Malikanə sonda üçüncü tərəf alıcıya 4 milyon funt sterlinqə satılıb.

Müəllif: Tural

Mənbə: Publika.az · 24.11.2026, 13:48 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu