Saxta təbəssüm xoşbəxtlik gətirir?

· 1 mənbə

Təxminən 1200 iştirakçının qatıldığı genişmiqyaslı araşdırma göstərib ki, könüllü edilən təbəssüm əhval-ruhiyyəni yüksəldə bilər, lakin daimi və məcburi gülüş insanı xoşbəxt etmək əvəzinə qəzəb və qıcıqlanma yaradır.

“Qafqazinfo” xəbər verir ki, Florida Universitetinin psixologiya professoru Nikolas Kolz və komandasının “Journal of Experimental Social Psychology”də dərc olunan araşdırmasında iştirakçılara müsbət (pişik balaları, çiçəklər) və mənfi (heyvanlara qarşı qəddarlıq, oğurluq) görüntülər göstərilib.

Bəzi iştirakçılar təbii reaksiya verib, digərlərindən isə müəyyən şərtlərlə gülümsəmək istənilib.

Təcrübənin nəticələrinə görə, tək və könüllü gülümsəmə qısamüddətli müsbət təsir bağışlaya bilər. Lakin eyni davranış təkrarlandıqca və xüsusilə kənar təzyiq altında məcburi hala gətirildikdə xoşbəxtlik hissi azalır, əvəzində qəzəb və gərginlik artır.

Tədqiqatın müəllifi Nikolas Kolz bu mövzunun onun əyləncə parkındakı keçmiş iş təcrübəsindən qaynaqlandığını bildirib. O qeyd edib ki, müştəri münasibətindən asılı olmayaraq daim gülümsəmək tələbi ilə insanın öz istəyi ilə gülümsəməsi arasında ciddi fərq var.

Araşdırmada iştirak etməyən Toronto Universitetinin professoru Norman Farb isə vurğulayıb ki, daim gülümsəməyə çalışmaq əlavə zehni diqqət tələb edir və insanın ətrafdakı hadisələrə reaksiyasını dəyişdirir. Xüsusilə maddi itki və ya cəza qorxusu altında gülümsəməyə məcbur edilmək narahatlığı artırır.

Mütəxəssislərin fikrincə, işçilərdən daim gülümsəməyi tələb etmək əhval-ruhiyyəni yaxşılaşdırmağın zərərsiz yolu deyil.

Mənbə: Qafqazinfo · 27.11.2026, 03:17 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Saxta təbəssüm xoşbəxtlik gətirir?

Qafqazinfo saytında oxu