Şirniyyat evi üsulu ilə bamiyə şirniyyatı: Xırtıldayan teksturanın əsas sirri

· 1 mənbə

Üzəri xırtıldayan, içi yumşaq olan ənənəvi bamiyə şirniyyatını düzgün ölçülər və bişirmə texnikası ilə ev şəraitində hazırlamaq mümkündür.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

Xəmir üçün: 2 stəkan su, 2,5 stəkan un, 1 xörək qaşığı kərə yağı, 3 ədəd yumurta, 3 xörək qaşığı manna yarması (irmik), 1 xörək qaşığı nişasta, 1 çay qaşığı şəkər tozu, bir çimdik duz.

Şərbət üçün: 3 stəkan şəkər tozu, 2,5 stəkan su, 1 xörək qaşığı limon suyu.

Qızartmaq üçün: Duru yağ.

Hazırlanma qaydası

Şərbət: Şəkər tozu və suyu qazana töküb qaynadın. Təxminən 15 dəqiqə qaynadıqdan sonra limon suyunu əlavə edin, bir neçə dəqiqə də qaynadıb ocaqdan götürün və tam soyumağa qoyun.

Xəmir: Su, kərə yağı, şəkər tozu və duzu qazanda qızdırın. Su qaynamağa başlayanda unu əlavə edib dayanmadan qarışdıraraq bir neçə dəqiqə bişirin və ocaqdan götürün.

Soyuyan xəmirə yumurtaları bir-bir əlavə edib yoğurun. Ardınca manna yarması və nişastanı qataraq hamar kütlə alınana qədər yoğurmağa davam edin.

Xəmiri ulduz ucluqlu qənnadı torbasına doldurun. Soyuq duru yağın içinə istədiyiniz uzunluqda sıxıb mətbəx qayçısı ilə kəsin. Ocağı orta atəşdə yandırıb bamiyələri hər tərəfi qızarana qədər bişirin. Qızaran kimi yağdan çıxarıb birbaşa soyuq şərbətin içinə atın, bir neçə dəqiqə saxladıqdan sonra servis qabına yığın.

Yağın başlanğıcda soyuq olması xəmirin içinin də tam bişməsini təmin edir (ikinci partiyanı qızartmazdan əvvəl yağın yenidən soyumasını gözləmək lazımdır). Həmçinin şərbətin tam soyuq olması və bamiyələrin şərbətdə normadan artıq saxlanılmaması onun xırtıldayan qalmasını qoruyur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: Milli.az · 28.11.2026, 07:07 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu