Süni intellektə investisiyalar $1,4 trilyona çatacaq – JPMorgan artımın dayanacağını gözləyir
· 1 mənbə
ABŞ-nin investisiya bankı “JPMorgan Chase” süni intellekt sektorunda fəaliyyət göstərən şirkətlərin 2027-ci ildə investisiyalarını maliyyələşdirmək üçün istiqraz bazarlarından 450 milyard dollar cəlb edəcəyini proqnozlaşdırır.
Banker.az (İnvestisiya) xəbər verir ki, bu barədə noyabrın 25-də “Bloomberg” bankın strateqlərinə istinadən məlumat yayıb.
JPMorgan-ın proqnozuna əsasən, süni intellektlə əlaqəli kapital xərcləri 2027-ci ildə təxminən iki dəfə artaraq 1,4 trilyon dollara çatacaq. Lakin bank 2028-ci ildə bu xərclərin artımının demək olar ki, dayanacağını gözləyir.
Tarek Həmid və Nataniel Rozenbaumun rəhbərlik etdiyi analitiklər bildirirlər ki, şirkətlərin yüksək kredit reytinqli istiqrazlar vasitəsilə cəlb edəcəyi vəsait 2026-cı ildəki 368 milyard dollardan gələn il 450 milyard dollara yüksələcək.
Bundan əlavə, şirkətlərin 65 milyard dolları daha yüksək riskli borclanma bazarlarından, 25–35 milyard dolları isə aktivlərlə təmin edilmiş maliyyələşdirmə vasitələrindən cəlb edəcəyi gözlənilir.
Bankın hesablamalarına görə, 2027–2031-ci illərdə süni intellekt sənayesi məlumat mərkəzlərinin tikintisinə ümumilikdə 7 trilyon dollar yatıracaq. Bu investisiyalar hesabına 151 giqavatlıq yeni məlumat mərkəzi gücünün yaradılması nəzərdə tutulur.
JPMorgan qeyd edir ki, məlumat mərkəzlərinin tikintisi uzunmüddətli layihələr olduğundan 2027-ci ildə cəlb ediləcək maliyyənin əhəmiyyətli hissəsi faktiki olaraq 2028-ci ilin xərclərinə yönələcək.
Bank həmçinin qarşıdakı illərdə investisiyaların daha böyük hissəsinin məlumat mərkəzlərinin binalarından hesablama avadanlıqlarına və süni intellekt prosessorlarına yönələcəyini proqnozlaşdırır.
Mənbə: Banker.az · 26.11.2026, 16:12 · orijinal məqalə