Taliban qadınlara qoyulan qadağaları dinlə əsaslandırır – Aqil Şirinov
· 1 mənbə
Bakı. Trend:
Əfqanıstanda Talibanın qadınlara tətbiq etdiyi məhdudiyyətlərin formalaşmasında yerli adət-ənənələrin də rolu var.
Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransın “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” adlı panel müzakirəsində deyib.
“Taliban bu qadağaları din adına edir. Amma bu, birbaşa dini qadağadırmı? Yoxsa burada başqa amillər də var?” – deyə rektor bildirib.
Aqil Şirinovun sözlərinə görə, Talibanın qadınlara münasibətinə puştunların İslamdan əvvəl formalaşmış adət sistemi də təsir göstərir. O, Bosniyadakı hənəfi müsəlmanların təcrübəsini nümunə göstərərək eyni məzhəbə mənsub icmalarda qadınların hüquqlarına yanaşmanın fərqləndiyini qeyd edib.
Rektor İndoneziyanın Qərbi Sumatra bölgəsində yaşayan minanqkabau xalqından da danışıb. Onun sözlərinə görə, bu müsəlman icmasında qadınlar ailə və cəmiyyət həyatında aparıcı rol oynayırlar. Aqil Şirinov İndoneziyaya səfəri zamanı qadınların ictimai həyatda ön planda olduğunu müşahidə etdiyini bildirib.
Aqil Şirinov qeyd edib ki, bu nümunələr qadınların cəmiyyətdəki mövqeyinə dair dini şərhlərin yerli adətlərin və ictimai quruluşun təsiri ilə formalaşdığını göstərir.
Mənbə: Trend · 24.11.2026, 12:53 · orijinal məqalə