Xaosun nəhəng ilanını məhv edən lənət ayinləri

· 1 mənbə

Misirdə qədim papiruslar aşkar edilib. Onlar lənət ayinlərinin əvvəllər güman ediləndən daha geniş yayıldığını sübut edir. Təxminən 3400 il əvvələ aid 40 kömürləşmiş fraqment misirlilərin Apof ilanını məhv etmək ayinini həqiqətən icra etdiklərinə dair ən qədim maddi sübutdur.

Tapıntı həmçinin bu ayinin tədqiqatçıların ehtimal etdiyindən təxminən min il daha əvvəl meydana gəldiyini göstərib.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri Zeitschrift für Ägyptische Sprache und Altertumskunde jurnalında dərc olunub.

Fraqmentlər qədim Fiv şəhərində firon III Tutmosun ölümündən sonrakı kultuna həsr olunmuş məbədin qazıntıları zamanı aşkar edilib. Kopenhagen Universitetinin Fredrik Haqenin rəhbərlik etdiyi misirşünaslar qrupu onları zibil qatında tapıb. Papirus parçalarının üzərində Apofu lənətləmək ayini zamanı istifadə olunan təsvirlər və mətnlər qorunub saxlanılıb.

Bundan əvvəl alimlərə bu ayinin təsvirinin yalnız bir nümunəsi məlum idi. Həmin nümunə eramızdan əvvəl IV əsrin sonlarına aid ritual təlimatda qorunub saxlanılmışdı. Bu praktikanın nə dərəcədə geniş yayıldığı və ayini kimin icra etdiyi barədə müstəqil sübutlar isə demək olar ki, yox idi.

Misir mifologiyasında Apof xaosun nəhəng ilanı idi. O, hər gecə günəş tanrısı Ra-nın yeraltı dünyadan keçən səyahətini başa vurmasına və səhər yenidən səmada görünməsinə mane olmağa çalışırdı. Tanrıya rəqibinə qalib gəlməkdə və dünya nizamını qorumaqda kömək etmək üçün misirlilər ilanın simvolik şəkildə məhv edilməsi ayinlərini icra edirdilər.

Ayin zamanı Apofun təsviri papirus üzərində qırmızı mürəkkəblə çəkilir və ya onun mumdan heykəlciyi hazırlanırdı. Daha sonra təsvir bıçaqlarla deşilir və sehrli dualar oxunmaqla yandırılırdı. Sonralar bu ayindən başqa məqsədlər üçün də istifadə olunmağa başlanılıb. Belə ki, fironun düşmənlərini və ya ayrı-ayrı şəxsləri lənətləmək, zəhərlərdən və xəstəliklərdən qorunmaq, pis hava şəraitinin və xaos qüvvələrinin digər ehtimal olunan təzahürlərinin təsirinin qarşısını almaq üçün də bu ayinə müraciət edilirdi.

Aşkar edilmiş fraqmentlər ayinin təsvirlərinə tam uyğun gəlir. Onların bir çoxunda deşilmə və kömürləşmə izləri nəzərə çarpır. Hagen qeyd edir ki, ayin zamanı papiruslar çox vaxt tamamilə məhv edilirdi: onların üzərində tapdalanır, tüpürülür, bıçaqla deşiklər açılır və sonda yandırılırdı. Buna görə də hətta kiçik fraqmentlərin belə qorunub saxlanılması böyük uğur hesab olunur.

Tapıntının yaşı ayinin artıq Yeni Padşahlıq dövründə, 3400 ildən çox əvvəl mövcud olduğunu və məbəd həyatının gündəlik tərkib hissəsinə çevrildiyini göstərir. Üstəlik, belə ayinləri yalnız kahinlər icra etmirdilər. Tədqiqatçının sözlərinə görə, savadlı insanlar, o cümlədən kahinlər təbəqəsinə daxil olmayan şəxslər də həm özlərini qorumaq, həm də başqalarına zərər vurmaq məqsədilə mirzələrə və sehrbazlara müraciət edə bilərdilər.

Bu kəşf adi zibil qatlarının arxeologiya üçün nə qədər əhəmiyyətli olduğunu da göstərir. Misir məbədlərinin tədqiqi ənənəvi olaraq möhtəşəm tikililərin, heykəllərin və dinin xüsusiyyətlərini üzə çıxaran barelyeflərin öyrənilməsinə yönəlib. Lakin tullantılar məbədlərin gündəlik həyatı, iqtisadiyyatı və praktiki fəaliyyəti haqqında daha çox məlumat əldə etməyə imkan verir.

Arxeoloqlar eyni ərazidə inzibati arxivin bir hissəsi olmuş papirus fraqmentləri də aşkar ediblər. Onlar məbədin iqtisadiyyatını və qurbanvermə mərasimlərinin təşkilini öyrənməyə imkan yaradır. Beləliklə, hətta kiçik kömürləşmiş fraqmentlər də Qədim Misir həyatının az məlum olan tərəflərini bərpa etməyə kömək edir.

Hüseyn İbadlı

Mənbə: Publika.az · 25.11.2026, 05:15 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu