“Abşeron” yatağında hasilat müddəti 2057-ci ilədək uzadılır – Yeni sazişi təsdiqlədi

· 1 mənbə

Azərbaycan Prezidenti İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında yenilənmiş sazişi təsdiqləyib. Saziş yatağın işlənmə və hasilat müddətinin 10 il uzadılmasını və illik qaz hasilatının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan layihə üçün hüquqi baza yaradır.

Banker.az xəbər verir ki, noyabrın 24-də imzalanmış və noyabrın 27-də dərc edilmiş qanunla SOCAR, Fransanın “TotalEnergies” və Birləşmiş Ərəb Əmirliklərinin ADNOC qrupuna daxil olan şirkətləri arasında sentyabrın 26-da bağlanmış saziş və onun 12 əlavəsi təsdiqlənib.

Sazişin yeni redaksiyasına əsasən, 2017-ci il martın 1-dən hesablanan işlənmə və hasilat müddəti 30 ildən 40 ilə çatdırılır. Müddətin uzadılması yatağın tammiqyaslı işlənməsi çərçivəsində dördüncü yeni quyunun istismara verilməsi, əlavə qaz ehtiyatlarının mənimsənilməsi və yatırılacaq investisiyaların geri qaytarılması ilə əlaqədardır.

Qanun podratçıların kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üzrə müstəsna hüquqlarını təsbit edir. Həmçinin 2009-cu ildə verilmiş hökumət təminatları qüvvədə saxlanılır və podratçıların müqavilə üzrə hüquqlarının onların əvvəlcədən razılığı olmadan dəyişdirilməməsi nəzərdə tutulur.

“Abşeron” yatağı üzrə ilkin hasilatın pay bölgüsü sazişi 2009-cu ildə imzalanıb, yataq 2011-ci ildə kəşf edilib, kommersiya hasilatına isə 2023-cü ilin iyulunda başlanılıb. SOCAR və “TotalEnergies”in hər biri layihədə 35%, ADNOC-un beynəlxalq investisiya şirkəti XRG isə 30% iştirak payına malikdir.

Energetika Nazirliyinin məlumatına görə, yataqdan 2023-cü ildə 800 milyon, 2024-cü ildə 1,5 milyard, 2025-ci ildə isə 1,6 milyard kubmetr qaz hasil edilib. 2026-cı ilin ilk üç rübündə hasilat 1,2 milyard kubmetr qaz və 400 min ton kondensat təşkil edib.

“TotalEnergies”in sentyabrda açıqladığı yekun investisiya qərarına əsasən, 2029-cu ildə istismara verilməsi gözlənilən ikinci mərhələ ilə yatağın illik qaz hasilatı gücü 1,5 milyard kubmetrdən 6 milyard kubmetrə, gündəlik kondensat hasilatı gücü isə 12 min barreldən 47 min barrelə yüksələcək.

Əlavə 4,5 milyard kubmetr qaz hasilatı Azərbaycanın 2025-ci ildəki ümumi qaz hasilatının təqribən 8,7%-nə bərabərdir. Hazırda ölkənin ümumi qaz hasilatında “Abşeron”un payı 3%-dən bir qədər çoxdur.

Layihə çərçivəsində hasil ediləcək qazın Azərbaycanın daxili bazarına və Türkiyəyə yönəldilməsi planlaşdırılır.

Mənbə: Banker.az · 27.11.2026, 17:45 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu