Aİ-də qalmaqal: 7 ölkə danışıqları dayandırdı, Makron “şantajçı” adlandırıldı
· 1 mənbə
Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində uzunmüddətli büdcə ilə bağlı danışıqlar üzv ölkələrin liderləri arasında fikir ayrılıqlarını daha da kəskinləşdirib. Xərclərin azaldılmasını müdafiə edən yeddi ölkə müzakirələri davam etdirməkdən imtina edib və Avropa Şurasının prezidenti Antonio Koştadan vasitəçilik rolundan çəkilməsini tələb edib.
Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Danışıqların gedişindən xəbərdar olan üç diplomatın sözlərinə görə, noyabrın 25-də axşam Danimarka, Almaniya, Niderland, Avstriya, Finlandiya, İsveç və Belçika Koştanın seçdiyi müzakirə formatına etirazlarını bildiriblər.
Nəşrin həmsöhbətlərindən biri bildirib ki, həmin ölkələrin liderləri “qəzəblənmişdilər”. O, danışıqların davam etdirilməsi üçün başqa vasitəçilərə ehtiyac yarana biləcəyini də istisna etməyib.
Görünür, Koştanın seçdiyi taktika hər iki tərəfin narazılığına səbəb olub. Büdcənin artırılmasını müdafiə edən ölkələrdən birinin diplomatı bildirib ki, görüşlərin kiçik qruplar şəklində keçirilməsi uğursuz qərar olub. Çünki hökumətlər qarşı tərəfin iştirakı ilə öz “qırmızı xətlərini” açıqlamaq istəməyiblər.
Nəşrin qeyd etdiyi kimi, sammit büdcənin azaldılmasını istəyən, “qənaətcil ölkələr” adlandırılan dövlətlərlə, xüsusilə İspaniya və İtaliyanın təmsil olunduğu “Həmrəylik siyasətinin dostları” qrupu arasındakı fikir ayrılıqlarının dərinləşdiyini üzə çıxarıb.
Sonuncu qrup kənd təsərrüfatı və regional inkişaf sahələrinə ayrılan maliyyənin azaldılmasına qarşı çıxır. Bununla yanaşı, baş verənlər qarşı tərəfdən güzəştlər əldə etməyə yönəlmiş danışıqlar taktikasının bir hissəsi kimi də qiymətləndirilir.
Yeddi ölkənin demarşı ilin sonunadək Aİ-nin bütün 27 üzv dövlətinin razılığını əldə etməyə ümid edən Koştanın vəziyyətini ciddi şəkildə çətinləşdirib.
Danışıqlar zamanı fikir ayrılıqlarının bu qədər dərin olması iştirakçılar üçün gözlənilməz olsa da, onların bir çoxu dekabrın 17-nə planlaşdırılan növbəti liderlər görüşündə kompromis əldə etməyin mümkünlüyünü düşünür.
Koşta ertəsi gün danışıqları davam etdirmək planından imtina edib. Onun Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birlikdə keçirdiyi yekun mətbuat konfransı gecə saat 1-də başlayıb və cəmi 11 dəqiqə davam edib.
Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lanqe sosial şəbəkədəki paylaşımında baş verənlərə münasibət bildirib:
“Bu qədər səy, bu qədər siyasi hay-küy, gurultulu bəyanatlar – nəticədə isə tamamilə heç nə”.
Formal olaraq Aİ-nin 2028–2034-cü illəri əhatə edən çoxillik büdcəni razılaşdırmaq üçün qarşısında hələ bir il vaxt olsa da, qurumun rəhbərliyi danışıqları Fransada 2027-ci ilin aprelində keçiriləcək prezident seçkilərinədək başa çatdırmağa çalışır.
Fransa Prezidenti Emmanuel Makron Koştanın təklif etdiyi xərclərin azaldılması planını gizlətmədən narazılıqla qarşılayaraq, bunu Avropa üçün “strateji səhv” adlandırıb. Nəşr yazır ki, Makronun mövqeyi iki qarşıdurma düşərgəsi arasında kompromis əldə etməyin asan olmayacağını göstərir.
Makron həmçinin danışıqların gələn ilin əvvəlinədək uzadılmasının prezident seçkilərinin yaxınlaşması səbəbindən “demokratik baxımdan yolverilməz” olduğunu bildirib.
Almaniya kansleri Fridrix Merts də Aİ ölkələrinin liderlərinin uzunmüddətli büdcəni cari ilin sonunadək razılaşdırmaq niyyətində olduqlarını açıqlayıb. Onun sözlərinə görə, Brüsseldəki danışıqlar büdcənin həcminin azaldılması məsələsində irəliləyiş əldə etməyə imkan verib.
Bununla belə, Makronun mövqeyi sammitin bəzi iştirakçılarının narazılığına səbəb olub. Hətta avropalı diplomatların biri Fransa prezidentinə “Mösyö Şantaj” ləqəbini verib.
“Öz milli seçkiləriniz naminə gəlib danışıqları girov götürmək kifayət qədər cəsarətli addımdır”, – deyə diplomat bildirib.
Lakin bütün Avropa liderləri Makronun danışıqları sürətləndirmək istəyini bölüşmür.
Daha böyük büdcənin tərəfdarı olan İtaliyanın Baş naziri Corcia Meloni mövqeyini belə ifadə edib:
“Mənim üçün son tarix yoxdur, şərtlərim var. Yalnız İtaliya üçün ədalətli hesab etdiyim razılaşmanı imzalayacağam. O vaxta qədər heç bir sənədə imza atmağa hazır deyiləm”.
İlkin olaraq Avropa Komissiyası təxminən 2 trilyon avro həcmində büdcə təklif edib. Sammit ərəfəsində Koşta bu məbləğin 204 milyard avro azaldılmasını təklif edib. Lakin görünür, ixtisarlar bununla yekunlaşmayacaq.
Diplomatlardan birinin məlumatına görə, Koşta liderlərə Avropa Komissiyasının ilkin təklif etdiyi büdcənin 220–230 milyard avro azaldılmasını nəzərdə tutduğunu bildirib. Bu rəqəm “qənaətcil” ölkələrin tələblərinə yaxındır.
İxtisarların, ilk növbədə, rəqabət qabiliyyətinin artırılması proqramlarına və xarici yardıma aid olacağı, kənd təsərrüfatı və regional inkişaf xərclərinə isə demək olar ki, toxunulmayacağı gözlənilir.
Xərclərin azaldılmasını müdafiə edən düşərgəni təmsil edən Finlandiyanın Baş naziri Petteri Orpo jurnalistlərə açıqlamasında deyib:
“Mövqelərimiz o qədər də fərqlənmir, lakin belə vəziyyətlərdə həlledici əhəmiyyətə malik olan məhz son razılaşmalardır”.
Orponun özü ilkin büdcənin 250 milyard avro azaldılmasını təklif edib. Nəşrin məlumatına görə, Finlandiyanın baş naziri görüşlərdən birində Koştanın davranışından narazı qalaraq danışıqları davam etdirməkdən imtina edib. Ona digər ölkələrin nümayəndələri də qoşulublar.
Avstriya tərəfinin yaydığı bəyanatda deyilir:
“S7 qrupunun iştirakçıları iki ayrı müzakirədə iştirak etdikdən sonra belə qənaətə gəldilər ki, görüşlərin davam etdirilməsi bizi qərara yaxınlaşdırmayacaq”.
Sammit başa çatdıqdan sonra Koşta uğursuzluğun miqyasını kiçiltməyə çalışıb. O bildirib ki, liderlərlə aparılan 10 saatlıq danışıqlar dekabr ayında mümkün kompromisin parametrlərini müəyyənləşdirmək baxımından olduqca faydalı olub.
Avropa Şurasının prezidenti cümə günü səhər saatlarında jurnalistlərə razılaşma əldə etməyin mümkün olmadığını təsdiqləyəndə isə liderlərin əksəriyyəti artıq görüşün keçirildiyi məkanı tərk etmişdi.
Mənbə: Modern.az · 27.11.2026, 11:12 · orijinal məqalə