Alimentin universiteti bitirənədək ödənilməsi təklif olunur

· 1 mənbə

Valideynlərin ali təhsil alan övladlarına universiteti bitirənədək aliment ödəməsi təklif olunur.

Modern.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Deputat Ailə Məcəlləsində aliment öhdəliyi ilə bağlı məsələyə yenidən baxılmasının vacibliyini vurğulayıb:

“Valideynlərini itirmiş, yaxud valideynlərindən birini itirmiş və digər valideyni əlilliyi olan uşaqlara dövlət büdcəsindən verilən müavinət həmin uşaqlar ali məktəbdə təhsil aldıqları halda 23 yaşınadək davam etdirilir. Amma ailədə nikah pozulduğu halda valideynlər alimenti 18 yaşadək ödəyirlər. Övlad hətta ali məktəbdə oxuduğu halda belə, ona aliment verilmir. Bu məsələ yalnız könüllü qaydada həll oluna bilər.

Dövlətimiz bu ağır yükü öz üzərinə götürərək həmin uşağa təhsil aldığı müddətdə 23 yaşınadək müavinət ödəyirsə, nədən valideyn ali məktəbə daxil olan övladına təhsil müddətində aliment verməsin?

Mən bunu araşdırmışam. Qardaş Türkiyədə, eləcə də Avropa ölkələrində bu məsələ qanunvericilikdə öz əksini tapır. Nikah pozulduğu halda valideynin övladına ali məktəbi bitirənədək aliment verməsi məcburi öhdəlik kimi müəyyən olunur”.

Məlahət İbrahimqızı məsələnin müvafiq parlament komitəsində araşdırılmasını təklif edib:

“Xahiş edirəm, bu məsələnin araşdırılmasına və həllinə dəstək olasınız. Dövlətimiz humanist, sosialyönümlü siyasət həyata keçirir. Valideyn də öz övladı qarşısındakı öhdəliyini yerinə yetirməlidir”.

Mənbə: Modern.az · 27.11.2026, 11:22 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu