Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
· 1 mənbə
İsraildə müxalifət partiyaları arasında koalisiya sazişinin imzalanması ilə bağlı razılıq əldə olunub. Hökuməti qurmaq səlahiyyəti verilmiş Qadi Eisenkotun rəhbərlik etdiyi “Yaşar” partiyası ilə Yair Qolanın liderlik etdiyi “Demokratlar” partiyası ittifaq yaratmaq barədə razılaşıb.
Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Partiyaların birgə bəyanatında iki siyasi qüvvə arasında ittifaq sazişinin imzalanması barədə razılığa gəlindiyi bildirilir.
Razılaşma Qolanın “Yaşar” partiyasının Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası ilə milli birlik hökuməti yaratmaq ehtimalına etiraz edərək danışıqları dayandırmasından sonra əldə olunub.
Sazişə əsasən, Milli Təhlükəsizlik, Əmək və Sosial Xidmətlər, Rabitə, eləcə də Mədəniyyət və İdman nazirlikləri “Demokratlar” partiyasına veriləcək. Partiya, həmçinin Knessetin Konstitusiya, Hüquq və Ədliyyə Komitəsinə rəhbərlik edəcək, Hakimlərin Seçki Komitəsində təmsil olunacaq.
Bəyanatda sazişin əsas məqsədləri sırasında məhkəmə islahatının ləğvi, məhkəmə hakimiyyətinin müstəqilliyinin qorunması və İsrail demokratiyasının gücləndirilməsi göstərilib. Tərəflər bu addımla Netanyahu hökumətinə son qoymağı hədəfləyirlər.
İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman isə Netanyahunun yeni hökumətin qurulmasına hər vasitə ilə mane olmağa çalışacağını bildirib. Onun sözlərinə görə, Netanyahu Eisenkota özünün ikinci sırada olacağı növbəli baş nazirlik modelini təklif edə və bununla danışıqları uzada bilər.
Müəllif: Roza
Mənbə: Publika.az · 27.11.2026, 11:18 · orijinal məqalə