Aİ və Azərbaycan Orta Dəhlizin inkişafını və Naxçıvanla dəmir yolu əlaqəsini müzakirə edib

· 1 mənbə

Bakı. Trend:

Avropa İttifaqı və Azərbaycan Orta Dəhliz, Naxçıvanla dəmir yolu əlaqəsi və aviasiya sahəsində əməkdaşlıq da daxil olmaqla, nəqliyyat əlaqələrinin inkişafını müzakirə ediblər.

Avropa Komissiyasının məlumatına görə, noyabrın 26-da Bakıda Avropa İttifaqı və Azərbaycan arasında Nəqliyyat üzrə üçüncü Yüksək Səviyyəli Dialoq keçirilib. Görüşə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş direktoru Maqda Kopçinska həmsədrlik ediblər.

Dialoq Avropa İttifaqının Qara dəniz regionuna strateji yanaşmasının əsas istiqamətlərindən biri olan və Cənubi Qafqaz vasitəsilə Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafını nəzərdə tutan Regionlararası Əlaqəlilik üzrə Gündəliyin bir hissəsi olub.

Tərəflər bütün nəqliyyat növləri üzrə nəqliyyat əlaqələrinin inkişafı məsələlərini nəzərdən keçirərək, aviasiyaya xüsusi diqqət yetiriblər. Müzakirələr zamanı Azərbaycanın Orta Dəhlizdə birləşdirici həlqə kimi rolu qeyd olunub.

Görüş iştirakçıları Bakı limanının və Naxçıvanın dəmir yolu infrastrukturunun inkişafı sahəsində əldə edilmiş irəliləyişi də müzakirə ediblər. Bundan əlavə, tərəflər Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) genişləndirilmiş şəbəkəsinin Azərbaycanda yenilənməsi imkanlarını araşdırmaq barədə razılığa gəliblər.

Avropa İttifaqı ilə Azərbaycan arasında Ümumi Aviasiya Məkanı haqqında Saziş üzrə danışıqlara, eləcə də onların irəlilədilməsi üçün növbəti addımlara ayrıca diqqət yetirilib.

Digər müzakirə mövzuları arasında nəqliyyat sektorunun rəqəmsallaşdırılması, dayanıqlı aviasiya yanacağından istifadə və dəmir yolu sistemlərinin qarşılıqlı uyğunluğunun təmin edilməsi olub.

Görüşün yekununda tərəflər TEN-T şəbəkəsinin genişləndirilməsinə dair ilkin xəritə və aviasiya sazişi üzrə danışıqların başa çatdırılması da daxil olmaqla, müntəzəm məsləhətləşmələri və texniki işi davam etdirmək barədə razılığa gəliblər.

Avropa İttifaqı və Azərbaycan arasında Nəqliyyat üzrə növbəti Yüksək Səviyyəli Dialoqun 2027-ci ildə Brüsseldə keçirilməsi planlaşdırılır.

Mənbə: Trend · 26.11.2026, 20:30 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu