Almaniyada kilsə cinsi zorakılıq qurbanına rekord məbləğdə təzminat ödəyəcək

· 1 mənbə

Almaniyanın Köln Ali Torpaq Məhkəməsi katolik keşiş tərəfindən cinsi zorakılığa məruz qalmış qadına 550 min avro məbləğində mənəvi zərər təzminatının ödənilməsi barədə qərar qəbul edib.

DPA agentliyinin məlumatına görə, təzminatı Köln arxiyepiskopluğu ödəməlidir.

Bu, Almaniyada katolik kilsəsində zorakılığa məruz qalan şəxslərə təyin edilmiş ən böyük təzminat məbləğidir. Əvvəlki rekord 2023-cü ildə qeydə alınıb və 300 min avro təşkil edib.

Zərərçəkmiş qadının daha əvvəl müstəqil kompensasiya komissiyasından aldığı 360 min avro yeni təzminat məbləğinə daxil ediləcək.

Arxiyepiskopluğa qarşı 830 min avroluq iddia qaldıran 60 yaşlı qadın 1970–1980-ci illərdə keşişin övladlığa götürdüyü qız olub və dəfələrlə cinsi zorakılığa məruz qalıb.

Keşiş 2022-ci ildə, digər doqquz qıza qarşı törətdiyi cinayətlər də daxil olmaqla, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Birinci instansiya məhkəməsi ötən il keşişin fiziki şəxs kimi hərəkət etdiyini və kilsənin buna görə məsuliyyət daşımadığını əsas gətirərək mülki iddianı rədd etmişdi.

Lakin Köln Ali Torpaq Məhkəməsi cinayətkarın kilsədəki statusu ilə törətdiyi əməllər arasında birbaşa əlaqənin olduğunu müəyyən edərək əvvəlki qərarı ləğv edib.

Məhkəmə kollegiyası kassasiya şikayətinin verilməsinə icazə verməyib.

Mənbə: APA · 26.11.2026, 23:48 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu