Atasının varisi, general-mayor, milyarder kürəkəni - Tacikistanın spikeri

· 1 mənbə

Tacikistan parlamentinin yuxarı palatasının sədri Rustam Emomali ölkənin siyasi elitasında ən çox diqqət çəkən şəxslərdən biridir. Prezident Emomali Rahmonun böyük oğlu olan 38 yaşlı siyasətçi eyni zamanda paytaxt Düşənbənin meridir. O, cəmi 29 yaşında ölkənin paytaxtına rəhbər təyin edilib, 32 yaşında isə parlamentin yuxarı palatasının sədri olub. Bu sürətli yüksəliş onun atasının siyasi varisi kimi hazırlanması barədə müzakirələri gücləndirib.

Qeyd edək ki, Tacikistanın Ali Məclis adlanan parlamenti iki palatadan ibarətdir və hər birinin öz sədri var: Yuxarı palatanın - Milli Məclisin sədri Rustam Emoməlidir, aşağı palatanın - Nümayəndələr Məclisinin sədri Fayzali İdizodadır. Modern.az saytı "Spikerlər" rubrikasınnın növbəti yazısını təqdim edir. Prezident ailəsində böyüyüb

Rustam Emomali 1987-ci il dekabrın 19-da Tacikistanda anadan olub. O, ölkəyə 1992-ci ildən rəhbərlik edən prezident Emomali Rahmonun böyük oğludur. Prezidentin 7 qızı və 2 oğlu var. Rustam ailənin böyük oğlan övladıdır.

Onun uşaqlıq və yeniyetməlik illəri Tacikistanın mürəkkəb siyasi dövrünə təsadüf edib. Ölkə 1992-1997-ci illərdə vətəndaş müharibəsi yaşayıb. Bu müharibə minlərlə insanın həyatına son qoyub, yüz minlərlə insanı evindən didərgin salıb. Emomali Rahmon həmin müharibə dövründə hakimiyyətə gəlib və sonrakı illərdə ölkədə siyasi sistemin əsas fiquruna çevrilib.

Rustamın böyüdüyü ailə zaman keçdikcə həm siyasi, həm də iqtisadi baxımdan ölkənin ən nüfuzlu ailələrindən birinə çevrilib. Prezidentin övladları, kürəkənləri və digər yaxın qohumları dövlət idarəçiliyində, diplomatik xidmətdə, bank sektorunda və iri biznes strukturlarında mühüm mövqelər əldə ediblər.

Üç ali təhsil, üç fərqli istiqamət

Rustam Emomalinin təhsil və peşə hazırlığı iqtisadiyyat, dövlət idarəçiliyi və hüquq sahələrini əhatə edir.

Tacikistanın Düşənbə şəhər administrasiyasındakı rəsmi tərcümeyi-halına əsasən, o, 2006-cı ildə Tacikistan Milli Universitetini dünya iqtisadiyyatı ixtisası üzrə bitirib.

2011-ci ildə Rusiya Federasiyası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və yerli idarəetmə istiqaməti üzrə də ali təhsilə yiyələnib.

2014-cü ildə isə Tacikistan Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bitirib.

Maraqlı məqam odur ki, onun dövlət qulluğundakı karyerası ali təhsilinin ilk mərhələsi ilə paralel başlayıb. Belə ki, Rustam 2006-cı ildə, təxminən 19 yaşında İqtisadi İnkişaf və Ticarət Nazirliyinin Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaşlıq şöbəsində baş mütəxəssis kimi işləməyə başlayıb.

2009-cu ildə Dövlət İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi Komitəsində Sahibkarlığa Dəstək İdarəsinin rəis əvəzi, daha sonra rəisi vəzifəsinə təyin edilib.

Onun karyerasında növbəti istiqamət gömrük sistemi olub.

25 yaşında gömrük xidmətinin rəhbəri oldu

Rustam Emomalinin dövlət strukturlarında yüksəlişi kifayət qədər sürətli olub.

2011-ci ildə Tacikistanın Gömrük Xidmətində Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə İdarəsinin rəhbəri təyin edilib. 2012-ci ildə xidmət rəhbərinin müavini, 2013-cü ildə isə qurumun rəhbəri olub.

Beləliklə, o, 25 yaşında ölkənin Gömrük Xidmətinə rəhbərlik etməyə başlayıb.

Bu təyinat onun karyerasında mühüm mərhələ olmaqla yanaşı, prezident oğlunun dövlətin iqtisadi və maliyyə strukturlarında artan rolunu da göstərirdi.

2015-ci ildə Rustam Emomali Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru təyin edilib. O, bu vəzifədə 2017-ci ilədək çalışıb.

Maraqlı paradoks yaranırdı: ölkədə korrupsiyaya qarşı mübarizəyə rəhbərlik edən şəxs prezidentin oğlu idi və özü də dövlət strukturlarında sürətlə yüksələn hakim ailənin üzvü idi.

Onun bu təyinatı beynəlxalq media və müşahidəçilərin diqqətindən yayınmayıb.

Futbolçu, klub sahibi və general-mayor

Rustam Emomalinin dosyesində siyasətdən kənar maraqlı bir istiqamət də var: futbol.

O, gənclik illərində “İstiqlol” futbol klubunda hücumçu kimi çıxış edib. Həmçinin bu klubun yaradıcılarından və sahiblərindən biri olub.

2010-cu ildə Tacikistan Futbol Federasiyasının vitse-prezidenti təyin edilib. 2012-ci ildə isə federasiyanın prezidenti seçilib. 2024-cü il dekabrın 14-də yenidən dörd il müddətinə bu vəzifəyə seçilib. Beləliklə, 2028-ci ilədək ölkə futbolunun rəhbəri olaraq qalacaq.

Rustamın futbol fəaliyyəti ilə bağlı ən çox müzakirə edilən hadisələrdən biri 2012-ci ildə baş verib.

Həmin vaxt onun yaratdığı “İstiqlol” klubu ilə rəqib “Ravşan” komandası arasında keçirilən oyundan sonra Futbol Federasiyasının intizam komitəsi “Ravşan”ın bir neçə futbolçusuna cəza verib. Qərar azarkeşlər və futbolçular arasında narazılıq yaradıb. Bəzi tənqidçilər bunu prezident oğlunun klubuna qarşı çıxan komandanın cəzalandırılması kimi qiymətləndiriblər.

“Ravşan”ın kapitanı Safarali Karimov da qərarın qərəzli olduğunu bildirib. Rustam Emomalinin hərbi rütbəsi də diqqət çəkir. O, 2013-cü ilin noyabrında general-mayor rütbəsi alıb. Bu hadisə xüsusilə ona görə müzakirə olunub ki, onun ənənəvi hərbi xidmət və zabitlik karyerası keçmədən yüksək rütbəyə çatması barədə suallar yaranıb.

29 yaşında paytaxtın meri oldu

2017-ci il yanvarın 12-də prezident Emomali Rahmon oğlunu Tacikistanın paytaxtı Düşənbənin meri təyin edib.

Həmin vaxt Rustamın 29 yaşı var idi.

O, bu vəzifədə 1996-cı ildən şəhərə rəhbərlik edən Mahmadsaid Ubaydulloyevi əvəz edib. Ubaydulloyev uzun illər Tacikistanın ən nüfuzlu dövlət adamlarından biri sayılıb.

Rustamın təyinatından sonra Düşənbə administrasiyasında dəyişikliklər aparılıb, merin müavinləri və şəhər rayonlarının rəhbərləri vəzifələrindən azad ediliblər.

Yeni merin qarşısında paytaxtın simasını dəyişmək, infrastruktur layihələrini genişləndirmək və şəhərin idarəçiliyini yeniləmək vəzifələri dayanırdı.

Onun rəhbərliyi dövründə Düşənbədə yeni yollar, parklar, inzibati binalar və ictimai məkanlar yaradılıb. Şəhərin inkişafı ilə bağlı yeni Baş Plan qəbul edilib.

Lakin bütün qərarlar birmənalı qarşılanmayıb. Məsələn, şəhərdə təxminən 20 min marşrut taksisinin mərhələli şəkildə ləğv edilərək avtobuslarla əvəzlənməsi qərarı narazılıq yaradıb. 2018-ci ildə bir sürücünün meriya binasının qarşısında özünə xəsarət yetirməsi bu narazılığın dramatik təzahürlərindən biri kimi qeydə alınıb.

Tarixi binaların sökülməsi və şəhər bulvarlarındakı ağacların kəsilməsi də tənqid edilib.

Bununla belə, Rustamın tərəfdarları onun şəhərin müasirləşməsinə, yeni ictimai məkanların yaradılmasına və gənclər üçün təşəbbüslərin dəstəklənməsinə töhfə verdiyini bildirirlər.

32 yaşında parlamentin sədri – hakimiyyətin ikinci pilləsi

2020-ci il aprelin 17-də Rustam Emomali Tacikistan parlamentinin yuxarı palatası olan Milli Məclisin (Majlisi Milli) sədri seçilib.

Bu vəzifə onun siyasi karyerasında ən mühüm mərhələ hesab olunur.

Tacikistan parlamenti iki palatadan ibarətdir. Milli Məclis yuxarı palata, Nümayəndələr Məclisi isə aşağı palatadır. Rustam Emomali məhz yuxarı palataya rəhbərlik edir.

O, 2025-ci il aprelin 11-də yenidən Milli Məclisə sədr seçilib.

Bu postun əhəmiyyəti yalnız parlament rəhbərliyi ilə məhdudlaşmır. Tacikistan Konstitusiyasına görə, prezident öz vəzifəsini icra edə bilmədikdə və ya istefa verdikdə Milli Məclisin sədri dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edir.

Bu isə o deməkdir ki, Rustam Emomali ölkədə prezidentdən sonra konstitusion baxımdan ən mühüm vəzifələrdən birini tutur.

Atanın siyasi varisi kimi hazırlanır?

Rustam Emomalinin adı uzun illərdir Tacikistanda mümkün hakimiyyət varisliyi ilə bağlı müzakirələrin mərkəzindədir.

Emomali Rahmon 1992-ci ildən ölkəyə rəhbərlik edir. 2016-cı ildə keçirilən konstitusiya referendumu ilə prezidentliyə namizədlər üçün yaş həddi 35-dən 30-a endirilib. Bu dəyişiklik həmin vaxt 29 yaşında olan Rustamın gələcək prezident seçkilərində iştirakına hüquqi imkan yaratdı.

Həmin dövrdən etibarən onun dövlət strukturlarında sürətli yüksəlişi, paytaxtın rəhbərliyinə gətirilməsi və daha sonra parlamentin yuxarı palatasına sədr seçilməsi varislik planının tərkib hissəsi kimi qiymətləndirilib.

2020-ci ildə Rustamın parlamentin yuxarı palatasına rəhbər seçilməsi bu ehtimalları daha da gücləndirdi.

Beynəlxalq təhlillərdə o, atasının ən real varisi hesab olunur. Bununla yanaşı, bəzi məlumatlara görə, prezident ailəsinin daxilində hakimiyyətin ötürülməsi məsələsində fikir ayrılıqları yaşanır.

2026-cı il noyabrın 4-də Rustam Emomalinin Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşü də diqqət çəkib. O, Tacikistan nümayəndə heyətinə rəhbərlik edərək Daşkəndə rəsmi səfər edib. Görüşdən sonra Mirziyoyev onu Özbəkistanın “Fədakar xidmətlərinə görə” ordeni ilə təltif edib.

Bu səfər onun artıq yalnız daxili siyasətdə deyil, regional diplomatik təmaslarda da daha görünən rol oynadığını göstərir.

Bacısı Ozoda Rahmon – ailənin digər güclü siyasi fiquru

Rustam Emomalinin mümkün varisliyi ilə bağlı müzakirələrdə onun bacısı Ozoda Rahmonun adını da xüsusi qeyd etmək lazımdır.

Ozoda Rahmon 2016-cı ilin yanvarından Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutur. O, bundan əvvəl Xarici İşlər Nazirliyində çalışıb, nazir müavini və nazir müavininin birinci müavini olub.

Ozoda ölkənin siyasi elitasında mühüm mövqeyə malikdir. Onun dövlət idarəçiliyindəki rolu yalnız protokol və inzibati fəaliyyətlə məhdudlaşmır. Freedom House və Carnegie analitiklərinin qiymətləndirmələrində onun yüksək səviyyəli kadr təyinatları və hakimiyyət strukturları üzərində təsiri xüsusi vurğulanır.

Ozodanın həyat yoldaşı Camoliddin Nuralıyev də ölkənin nüfuzlu şəxslərindən biri hesab olunur. O, 2015-2022-ci illərdə Tacikistan Milli Bankı sədrinin müavini vəzifəsində çalışıb.

Carnegie Fondunun təhlilində Ozoda Rahmon mümkün hakimiyyət varisliyi məsələsində Rustamın əsas rəqiblərindən biri kimi təqdim olunur. Onun təhlükəsizlik strukturlarında da etimad qazandığı qeyd edilir.

Bu, Tacikistan prezident ailəsinin daxilində hakimiyyət uğrunda mümkün rəqabət barədə müzakirələri daha da maraqlı edir.

Prezident ailəsinin iqtisadi imperiyası

Rustam Emomalinin siyasi yüksəlişini anlamaq üçün Emomali Rahmonun ailəsinin iqtisadi təsirinə də nəzər salmaq lazımdır.

Tacikistanın siyasi və iqtisadi həyatında prezidentin yaxın qohumlarının mühüm mövqelərə sahib olması beynəlxalq araşdırmalarda dəfələrlə qeyd edilib.

Prezidentin qaynı Hasan Asadullozoda ölkənin iri banklarından biri olan “Orienbank” və “Somon Air” aviaşirkəti ilə əlaqəli biznes strukturlarına nəzarət edən nüfuzlu iş adamı kimi tanınır. O, həmçinin ölkənin əsas sənaye müəssisələrindən olan TALCO alüminium zavodu ilə bağlı biznes maraqlarına malikdir.

Prezidentin digər kürəkəni Şamsullo Sohibovun biznes maraqları nəqliyyat, ticarət, media, bank və digər sahələri əhatə edir. O, prezidentin qızı Ruhşona Rahmonla evlidir. Ruhşona Rahmon diplomatik xidmətdə çalışıb və Tacikistanın Böyük Britaniyadakı səfiri olub.

Prezidentin digər qızı Parvina Rahmonun isə əczaçılıq sektorunda biznesə mailk olduğu bildirilir. Onun şirkətlərinin dövlət dəstəyi və dövlət sifarişləri hesabına böyüdüyü qeyd edilir. Araşdırmalara görə, prezidentin qızı Parvina Rahmon və onun həyat yoldaşı Aşrafcon Qulovun xarici ölkələrdə bahalı mülkləri də var.

Freedom House təşkiları Tacikistanı prezident ailəsinin siyasi və iqtisadi sahələrdə geniş təsirə malik olduğu ölkə kimi xarakterizə edir. Təşkilatın 2024-cü il hesabatında ailə əlaqələrinin dövlət və biznes strukturlarında mühüm rol oynadığı vurğulanır.

Adı qalmaqallarda çəkilirmi?

Rustam Emomalinin adı bir neçə hadisədə çəkilir. Beynəlxalq təçkilatların iddialarına görə, Rustam 2008-ci ildə dayısı Hasan Asadullozodaya, 2022-ci ildə isə Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Saimumin Yatimova atəş açaraq onları yaralayıb. Lakin bu iddialar müstəqil məhkəmə qərarı və ya rəsmi istintaq nəticəsi ilə təsdiqlənməyib. Rustam Emomalinin ictimai imici birmənalı deyil.

Prezident oğlunun ictimaiyyət qarşısında az görünməsi və açıq çıxışlarının məhdudluğu onun imici ilə bağlı suallar yaradıb.

Carnegie-nin 2023-cü il təhlilində onun çıxışlarının əvvəlcədən lentə alınmış formada yayımlandığı, televiziya reportajlarında isə çox vaxt aparıcının onun adından məlumat verdiyi qeyd olunurdu. Sosial şəbəkələrdə ona “Böyük lal” mənasını verən ləqəbin verildiyi də bildirilirdi.

Tacikistanın gələcək prezidenti olacaq?

Rustam Emomali 2009-cu il iyunun 28-də, 21 yaşında ailə qurub. Məlumata görə, onun həyat yoldaşı Tacikistanın nüfuzlu iş adamlarından biri olmuş, ölkənin ən böyük qənnadı fabriki "Şirin"in təsisçisi və keçmiş rəhbəri Mustafa Davlatovun qardaşı qızı Fatimə Davlatova ilə ailə həyatı qurub. Fatimə Davlatovanın atasının hazırda “Şirin” fabrikinin sahibi olduğu bildirilir. Cütlüyün iki oğlu (Anuşirvan və Emomali) və bir qızı var. Spikerin həyat yoldaşı Fatimə Davlatovanın hansı işlə məşğul olduğu barədə məlumat yoxdur, onun ictimaiyyət qarşısına çıxmadığı deyilir. Hazırda Rustam Emomali Tacikistanda hakimiyyətin mümkün varisi kimi ən çox adı çəkilən şəxsdir. Onun həm paytaxtın meri, həm parlamentin yuxarı palatasının sədri, həm də Futbol Federasiyasının rəhbəri olması ölkənin siyasi, inzibati və ictimai strukturlarında geniş mövqeyə malik olduğunu göstərir.

Lakin onun qarşısında bir neçə ciddi məsələ var.

Birincisi, atasının uzun illər ərzində formalaşdırdığı siyasi sistemin idarə olunması. İkincisi, prezident ailəsinin daxilindəki maraqların uzlaşdırılması. Üçüncüsü, təhlükəsizlik və hərbi strukturların dəstəyi. Dördüncüsü isə xalq arasında müstəqil siyasi nüfuz qazanmaq.

Emomali Rahmonun oğlu üçün hazırladığı siyasi yolun son mərhələsi hələ başa çatmayıb. Rustamın dövlətin ən yüksək postuna gəlib-gəlməyəcəyi isə Tacikistanın yaxın gələcəkdəki ən mühüm siyasi suallarından biri olaraq qalır. A.Qorxmaz

Mənbə: Modern.az · 26.11.2026, 14:00 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu