Avropa Parlamenti Gürcüstan hakimiyyətinə qarşı daha bir qətnamə qəbul edib

· 2 mənbə

Avropa Parlamentində Gürcüstanda “siyasi məhbuslar”la bağlı qətnamə qəbul edilib.

APA-nın yerli bürosu xəbər verir ki, 441 deputat sənədin lehinə, 47 deputat isə əleyhinə səs verib.

Qətnamədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, "Gürcü Arzusu" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsi tələbi yer alıb.

Sənəddə həmçinin 2025-ci ilin oktyabrın 4-də Tbilisidə keçirilmiş etiraz aksiyası zamanı saxlanılaraq həbsə məhkum edilmiş bütün şəxslərin, eləcə də sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələb edilib.

Qeyd edək ki, Avropa Parlamentində Gürcüstan hakimiyyətinə qarşı sonuncu qətnamə ötən ay qəbul olunub.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu yaxınlarda ölkədə siyasi məhbusların olmadığını bildirərək saxlanılan və ya məhkum edilmiş şəxslərin cinayət əməllərinə, o cümlədən zorakılıq hərəkətlərinə və hakimiyyəti devirmək cəhdlərinə görə məsuliyyətə cəlb olunduqlarını qeyd edib.

Mənbə: APA · 26.11.2026, 15:49 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu