Avropa Parlamentinin qərəzli sənədləri Azərbaycanın müstəqil siyasətinə təsir edə bilməz - Sahil Kərimli

· 1 mənbə

Bakı. Trend:

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli tövsiyə və hesabatlar regionda sülh prosesinə mane olmaqla yanaşı, qurumun özünün siyasi etibarlılığına da ciddi zərbə vurur.

Bu fikirləri Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən Azərbaycan-Avropa İttifaqı və Ermənistan-Avropa İttifaqı münasibətlərinə dair ayrı-ayrılıqda hazırlanmış tövsiyə sənədlərində ölkəmizə qarşı bir sıra qərəzli yanaşmalar və çağırışlar yer alıb.

S.Kərimli diqqətə çatdırıb ki, sənədlərin əlavəsində məruzəçilərin Ermənistanın Avropa İttifaqı yanındakı nümayəndəliyindən və xaricdə fəaliyyət göstərən ASİMKOM təşkilatından rəy aldıqları rəsmən göstərilib:

“Bu fakt sənədlərin hazırlanmasında müstəqil araşdırma prinsipinin nə dərəcədə qorunduğu barədə ciddi suallar yaradır. Ermənistanın siyasi dairələri və xaricdəki anti-Azərbaycan qruplaşmaları ilə təmaslar əsasında formalaşdırılan belə yanaşmalar obyektiv qiymətləndirmə deyil, siyasi maraqların ifadəsidir”.

Siyasi şərhçinin sözlərinə görə, sənədlərdə mühacirətdə yaşayan şəxslərə birbaşa maliyyə və siyasi dəstəyin artırılması, onların Avropa İttifaqı ərazisində qorunması ilə bağlı çağırışlar da diqqət çəkir. Bu, müəyyən dairələrin Azərbaycana qarşı təzyiq vasitəsi kimi xaricdəki qruplardan istifadə etmək niyyətini ortaya qoyur.

O qeyd edib ki, 2021-ci ilin mayından 2026-cı ilin payızınadək Avropa Parlamenti Azərbaycana qarşı 15-dən çox qərəzli qətnamə və tövsiyə sənədi qəbul edib. 2026-cı ilin aprel və oktyabr aylarında qəbul olunan qətnamələr, eləcə də noyabr hesabatı da həmin siyasi xəttin davamıdır.

S.Kərimli vurğulayıb ki, Avropa Parlamentinin yenidən “Dağlıq Qarabağ” ifadəsinə və ərazi iddialarını xatırladan ritorikaya qayıtması regionda yaranmış yeni reallıqlara ziddir:

“Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzərində iş aparılır. Belə bir vaxtda köhnə münaqişə ritorikasını gündəmə gətirmək sülh prosesinə dəstək deyil, Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir”.

Onun fikrincə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsinin sülhə maneə kimi təqdim olunması da yanlış yanaşmadır. Bu cür mövqe Ermənistandakı revanşist dairələrin mövqelərini gücləndirməyə xidmət edir.

Siyasi şərhçi xatırladıb ki, Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı dövrdə Avropa Parlamentində bu ölkənin cəzalandırılması və ona qarşı sanksiyaların tətbiqi ilə bağlı eyni prinsipiallıq nümayiş etdirilməyib. Lakin Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ölkəmizə qarşı mütəmadi olaraq hədəfli sanksiyalar çağırışları səsləndirilir.

“Bu cür sanksiya təhdidləri reallıqdan uzaq siyasi şantajdır. Avropa İttifaqının enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri baxımından Azərbaycana ehtiyacı olduğu bir şəraitdə belə çağırışlar həm də məntiqsiz görünür”, - deyə o bildirib.

S.Kərimli Ermənistanla bağlı sənədlərdəki yanaşmaya da diqqət çəkib. O bildirib ki, Ermənistanda siyasi motivli həbslərə münasibətdə nümayiş etdirilən susqunluq, Miriam Lexmannın hazırladığı hesabatda bu məsələlərin lazımi şəkildə əksini tapmaması ikili standartların göstəricisidir.

Şərhçi əlavə edib ki, Azərbaycanda konkret cinayətlərə, eləcə də məişət zəminində törədilmiş qanun pozuntularına görə məsuliyyətə cəlb olunan şəxslərin siyasi məhbus kimi təqdim edilməsi hüquqi reallığı təhrif edir.

Onun sözlərinə görə, hərbi cinayətlərə görə məhkum edilmiş keçmiş qondarma rejim rəhbərlərinin azadlığa buraxılması ilə bağlı tələblər də beynəlxalq hüququn prinsiplərinə və ədalət mühakiməsinə hörmətsizlikdir.

S.Kərimli hesab edir ki, Avropa Parlamentinin tövsiyə xarakterli sənədləri Azərbaycanın müstəqil siyasətinə və suveren qərarlarına təsir göstərmək imkanına malik deyil:

“Azərbaycan öz gələcəyini milli maraqları və beynəlxalq hüquq əsasında müəyyən edir. Avropa Parlamentindəki müəyyən dairələr isə qərəzli hesabatlar və siyasi təzyiq cəhdləri ilə özlərini regional sülh prosesindən kənarda qoyur, eyni zamanda, qurumun etibarlı siyasi platforma kimi nüfuzuna zərər vururlar”.

Mənbə: Trend · 26.11.2026, 12:43 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu