Ramin Məmmədov İlahiyyat İnstitutunun tələbəsinin ailəsini ziyarət edib

· 1 mənbə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbər heyəti Bakıda İnstitutun İslamşünaslıq ixtisasının I kurs tələbəsi Mirxəlil Kazımzadənin ailəsini ziyarət ediblər.

"Report" xəbər verir ki, "Qonağınız müəllimlərinizdir" layihəsi çərçivəsində keçirilən görüşdə Ramin Məmmədov gənclərin təhsilinə, dünyagörüşünün formalaşmasına və mənəvi inkişafına göstərilən diqqətin cəmiyyətin gələcəyinə qoyulan mühüm sərmayə olduğunu bildirib.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində gənc nəslin hərtərəfli inkişafı, keyfiyyətli təhsillə təmin olunması, milli-mənəvi dəyərlərə bağlı və müasir dünyagörüşlü şəxsiyyətlər kimi yetişməsi prioritet istiqamətlərdəndir. Bu siyasətin mühüm tərkib hissəsi olan dini təhsil sahəsində də yüksəkixtisaslı kadrların hazırlanması, sağlam dini düşüncənin təşviqi xüsusi əhəmiyyət daşıyır.

Komitə sədri bu sahədə təhsil alan gənclərin dini bilikləri dərindən mənimsəməklə yanaşı, sağlam dini düşüncənin, humanist dəyərlərin, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin daşıyıcıları kimi yetişmələrinin vacibliyini diqqətə çatdırıb.

Ramin Məmmədov, həmçinin tələbələrin yetişməsində ailənin roluna toxunaraq, təhsil müəssisəsi ilə ailə arasında qarşılıqlı etimad və əməkdaşlığın gənclərin inkişafına, onların gələcək hədəflərinə doğru inamla irəliləməsinə mühüm töhfə verdiyini söyləyib.

Mirxəlil Kazımzadənin ailə üzvləri göstərilən diqqətə və səmimi münasibətə, o cümlədən övladlarının savadlı, məsuliyyətli və cəmiyyətə faydalı mütəxəssis kimi yetişməsi üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

Mənbə: Report · 26.11.2026, 12:48 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu