Azərbaycana gələn əcnəbilərin sayı azalıb
· 1 mənbə
2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycana 195 ölkədən 2 milyon 80,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azdır.
Banker.az Dövlət Sərhəd Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, ölkə qrupları üzrə ən böyük azalma Körfəz ölkələrindən gələnlərin sayında qeydə alınıb. Bu göstərici 31,5 faiz azalaraq 241,6 min nəfərə düşüb.
Eyni dövrdə MDB ölkələrindən gələnlərin sayı 5,5 faiz artaraq 781,4 min nəfərə, Avropa İttifaqı ölkələrindən gələnlərin sayı isə 9,9 faiz artaraq 111,5 min nəfərə çatıb. Digər ölkələrdən gələnlərin sayı 3,1 faiz azalaraq 946,3 min nəfər olub.
Gələnlərin 46 faizi Rusiya və Türkiyə vətəndaşları olub. Rusiyanın payı 26,6 faiz, Türkiyənin payı 19,4 faiz təşkil edib. Sonrakı yerlərdə İran (7,6 faiz), Gürcüstan (4,9 faiz) və Qazaxıstan (4,6 faiz) qərarlaşıb. Azərbaycana gələnlərin 73,6 faizi hava nəqliyyatından istifadə edib.
Gürcüstana gedənlərin sayı artıb, İrana gedənlərin sayı kəskin azalıb İlin ilk on ayında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 1,9 faiz azalaraq 1 milyon 740,4 min nəfər olub. Türkiyə 43,7 faiz payla ən çox səfər edilən ölkə olaraq qalıb. Bu ölkəyə gedənlərin sayı illik müqayisədə 2,2 faiz artıb.
Gürcüstana gedənlərin sayı 19,2 faiz artıb və ölkənin ümumi səfərlərdə payı 13,2 faiz təşkil edib. İrana gedənlərin sayı isə 47,9 faiz azalıb, bu istiqamətin payı 4,9 faiz olub. Rusiyaya gedənlərin sayı 1,9 faiz azalıb və xaricə gedənlərin 14,6 faizi bu ölkəyə səfər edib. Xaricə gedən Azərbaycan vətəndaşlarının 69,9 faizi hava nəqliyyatından istifadə edib.
Mənbə: Banker.az · 24.11.2026, 12:22 · orijinal məqalə