Banklar yeni kibertəhdidlərlə mübarizə üçün sistemlərinə süni intellekti inteqrasiya etməlidirlər - "Mastercard"
· 1 mənbə
Bakı.Trend:
Banklar süni intellekt (Sİ) texnologiyalarını kibertəhlükəsizlik sistemlərinə inteqrasiya etməlidirlər. Çünki ənənəvi müdafiə üsulları artıq yeni rəqəmsal təhdidlərə qarşı effektiv mübarizə aparmağa imkan vermir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə axşamı Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda "Mastercard Advisors & Consulting Services" şirkətinin baş məsləhətçisi Eren Özkan bildirib.
Onun sözlərinə görə, botların və süni intellekt agentlərinin potensial təhdid mənbəyinə çevrildiyi bir şəraitdə maliyyə institutları öz sistemlərini qorumaq üçün analoji texnologiyalardan istifadə etməlidirlər.
“Biz ənənəvi üsullardan istifadəni davam etdirərək özümüzü yeni təhdidlərdən qoruya biləcəyimizi düşünə bilmərik. Bu təhdidlərə analoji alətlərlə qarşı durmalıyıq. Əvvəllər bankların informasiya təhlükəsizliyinin idarə edilməsi mərkəzləri sutka ərzində fasiləsiz fəaliyyət göstərir, müəyyən sayda əməliyyatı və potensial təhdidləri emal edirdi. Lakin hazırda mümkün hücum mənbələrinin və onların həyata keçirilməsi üsullarının sayı xeyli artıb. Müdafiə tədbirləri müştərilərin bank platformalarına qoşulduqları cihazlardan başlamalıdır. Bu zaman həm qabaqlayıcı tədbirlər, həm də təhdidlərin proaktiv şəkildə aşkarlanması nəzərdə tutulur.
Birbaşa sistemlərin qorunmasına gəldikdə isə, bu cür təhdidlərin öhdəsindən ənənəvi informasiya təhlükəsizliyinin idarə edilməsi mərkəzlərinin köməyi ilə gəlmək, demək olar ki, mümkün deyil. Təhlükəsizlik əməliyyatları süni intellekt və süni intellekt agentlərinin dəstəyi ilə qurulmalıdır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu cür agentlər sistemlərdə yaranan anomaliyalara, istər texniki nasazlıqlara, istərsə də xarici kiberhücumlara müstəqil şəkildə reaksiya vermək qabiliyyətinə malik olmalıdırlar.
Özkan həmçinin hücumun xarakterinin operativ şəkildə müəyyənləşdirilməsinin və insident baş verdikdə onun təsir dairəsinin məhdudlaşdırılmasının vacibliyini qeyd edib.
“Bunu virusla müqayisə etmək olar: virusun yarandığı yerdə təcrid edilməsi və müvafiq fəsadların azaldılması tədbirləri vasitəsilə onun yayılmasının qarşısının alınması çox vacibdir”, – deyə o bildirib.
O əlavə edib ki, banklar və texnologiya şirkətləri mümkün böhran vəziyyətlərinə reaksiya ssenariləri hazırlamaqla yanaşı, mütəmadi olaraq müvafiq simulyasiyalar da keçirməlidirlər. Onun sözlərinə görə, bu təlimlərin nəticələri təhlükəsizlik sistemlərinin ardıcıl şəkildə təkmilləşdirilməsi və görülən tədbirlərin yenidən nəzərdən keçirilməsi üçün istifadə olunmalıdır.
Mənbə: Trend · 24.11.2026, 12:44 · orijinal məqalə