Azərbaycanda siqaretləri istehsal olunan iki dünya nəhəngi $34 milyardlıq şirkət alır
· 1 mənbə
Yaponiyanın “Japan Tobacco” (JT) şirkəti ABŞ-nin “Altria Group” korporasiyası ilə birlikdə Britaniyanın “Imperial Brands” tütün istehsalçısını satın almağı nəzərdən keçirir. Maraqlıdır ki, həm Yaponiya, həm də Britaniya şirkətinin siqaret brendləri Azərbaycanda lisenziya əsasında istehsal olunur.
Banker.az (İnvestisiya) xəbər verir ki, bu barədə noyabrın 27-də “Reuters” məlumat yayıb.
“Imperial Brands”in bazar dəyəri səhmlərinin 13,3% bahalaşmasından sonra 34 milyard dollara çatıb. Potensial sövdələşmə tütün sənayesində son onilliyin ən böyük satınalmalarından biri ola bilər.
“Altria” Britaniya şirkətini nağd vəsait hesabına almaq imkanını araşdırdığını və aktivlərin bölüşdürülməsi ilə bağlı başqa tərəflə danışıqlar apardığını təsdiqləyib.
Analitiklərə görə, mümkün razılaşma çərçivəsində “Japan Tobacco” “Imperial Brands”in ABŞ biznesini, “Altria” isə beynəlxalq aktivlərini əldə edə bilər.
Hər iki şirkətin Azərbaycanla istehsal əlaqələri var. Qeyd edək ki, “Japan Tobacco International” Azərbaycanda 2008-ci ildən fəaliyyət göstərir. Şirkətin Bakıdakı nümayəndəliyi 2013-cü ildə yaradılıb. JTI-nin “Winston”, “Sobranie” və “Camel” kimi beynəlxalq siqaret brendləri Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Tabaterra” fabrikində lisenziya əsasında istehsal olunur. Şirkətlər arasında bağlanmış müqavilə çərçivəsində Azərbaycanda istehsal edilən siqaretlər Gürcüstana da ixrac edilir.
Eyni müəssisə Britaniyanın “Imperial Brands” şirkətinə məxsus siqaret brendlərinin də istehsalını həyata keçirir.
“Imperial Brands” hələlik rəsmi satınalma təklifi almadığını bildirib.
Mənbə: Banker.az · 27.11.2026, 14:50 · orijinal məqalə