Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 3,7 milyard dolları ötüb

· 1 mənbə

Bakı. Trend:

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 3 milyard 743,1 milyon ABŞ dollarına çatıb.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalar nəticəsində xəbər verir.

Hesabat dövründə Azərbaycanın Böyük Britaniyaya ixracı 3 milyard 479,8 milyon dollar təşkil edib. 2025-ci ilin müvafiq dövründə 278 milyon dollar olan bu göstərici illik müqayisədə 3,2 milyard dollar və ya 11,5 dəfə artıb.

Bunun əksinə olaraq, Azərrbaycanın Böyük Britaniyadan idxalı 64,6 faiz azalaraq 263,3 milyon dollara düşüb. Ötən ilin yanvar-oktyabr aylarında bu göstərici 744,7 milyon dollar olub.

Nəticədə iki ölkə arasında ticarət balansı mənfi saldodan müsbət saldoya keçib. Belə ki, 2025-ci ilin ilk 10 ayında 466,7 milyon dollarlıq mənfi saldo qeydə alındığı halda, 2026-cı ilin eyni dövründə Azərbaycanın 3 milyard 216,5 milyon dollarlıq müsbət ticarət saldosu formalaşıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Böyük Britaniyaya qeyri-neft məhsulları ixracı 3 milyard 479,7 milyon dollar təşkil edib.

Ümumilikdə isə, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43,2 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çoxdur.

Hesabat dövründə ixracın həcmi 27,9 milyard dollar, idxalın həcmi isə 15,3 milyard dollar olub.

Beləliklə, xarici ticarət dövriyyəsində ixracın payı 64,65 faizə yüksəlib, idxalın payı isə 35,35 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında bu göstəricilər müvafiq olaraq 52,95 və 47,05 faiz olub.

Hesabat dövründə Azərbaycanın xarici ticarət saldosu 12,65 milyard dollar təşkil edib. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınan 2,41 milyard dollarlıq müsbət saldodan 5,2 dəfə çoxdur.

İxrac ötən ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz artıb, idxal isə 20,6 faiz azalıb. Nəticədə xarici ticarət saldosu 5,2 dəfə yüksəlib.

Mənbə: Trend · 28.11.2026, 17:29 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu