İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr - Foto

· 2 mənbə

Azərbaycanın Avropanın üçüncü ən böyük iqtisadiyyatına sahib olan İtaliya ilə strateji tərəfdaşlığı yeni mərhələyə keçib. Artıq qarşılıqlı münasibətlərdə bir çox istiqamətlər üzrə mühüm ikitərəfli əlaqələr qurulub. Xüsusilə, iqtisadiyyat sahəsində yeni istiqamətlər və hədəflər müəyyənləşdirilir.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin Azərbaycana səfəri bu baxımdan diqqət çəkir. Qeyd edək ki, A.Tayani Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşüb, azərbaycanlı həmkarı Ceyhun Bayramovla bir araya gəlib. Görüşlərdə dövlətlər arasında strateji tərəfdaşlığın əhəmiyyəti bir daha vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı siyasi iradənin mövcudluğu qeyd edilib.

Antonio Tayani səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə də görüşüb. Tərəflər Azərbaycan və İtaliya arasında iqtisadi tərəfdaşlığın inkişaf perspektivlərini, ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, sənaye, enerji, nəqliyyat-logistika və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

12 milyardlıq ticarət dövriyyəsi

Səfər çərçivəsində iki ölkənin iş adamlarını bir araya gətirən Azərbaycan-İtaliya biznes forumu da keçirilib. Forumda səsləndirilən fikirlər, qarşıya qoyulan konkret hədəflər və imzalanan sazişlər Bakı-Roma iqtisadi münasibətlərinin yeni müstəviyə keçdiyini göstərir. Forumda 200-dən çox şirkətin nümayəndələri iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan İtaliya ilə ticarət dövriyyəsinin 12 milyard ABŞ dollarından artıq olacağını proqnozlaşdırır. İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edən nazir bu göstəricinin ilin ilk doqquz ayında artıq 9 milyard ABŞ dollarını ötdüyünü bildirib.

Öz növbəsində Antonio Tayani qeyd edib ki, İtaliya şirkətləri Azərbaycana tikinti, maşınqayırma, dəmir yolu infrastrukturu, energetika və müdafiə sənayesi sahələrində ən yüksək səviyyəli mühəndislik imkanları və texnologiyalar təklif edə bilər. Onun sözlərinə görə, İtaliya və Azərbaycan Afrikada və dünyanın digər regionlarında kritik vacib xammal sahəsində birgə müəssisələr yaratmaq niyyətindədir.

Xatırladaq ki, Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində çox mühüm strateji rola malikdir. Ölkəmizin Avropaya ixrac etdiyi neft və qazın böyük hissəsinin alıcısı məhz İtaliyadır.

Qeyd edək ki, hazırda Azərbaycanda İtaliyanın 130-a yaxın şirkəti fəaliyyət göstərir. Onlar əsasən sənaye, tikinti, enerji, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət və digər sahələrdə fokuslanıblar. Qarşılıqlı investisiyalarda Azərbaycan da mühüm paya malikdir. Belə ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliya ərazisində 402 MVt ümumi gücə malik günəş enerjisi portfelinə sahibdir. Bundan əlavə, FSI və "Azura Capital" ilə partnyor əlaqələri vasitəsilə səhiyyə, rəqəmsal texnologiyalar və maliyyə xidmətləri, habelə sənaye sektorlarında çalışan İtaliyanın qabaqcıl yerli şirkətlərini və ailə bizneslərini dəstəkləyir. Fondun İtaliyanın öncül özəl şirkətlərindən hesab olunan, yüksəksürətli dəmir yolu operatoru "Italo"ya da investisiyası var. ARDNF-in investisiya portfelinin 4%-i İtaliyadadır. İnvestisiyanın ümumi dəyəri 2,8 milyard ABŞ dolları təşkil edir.

Bu ilin may ayında SOCAR-ın "İtaliya Petroli" şirkətində nəzarət payı əldə etməsi ölkəmizin İtaliya iqtisadiyyatında uzunmüddətli investor kimi iştirakını gücləndirib.

Qarşılıqlı iqtisadi-ticari münasibətlərin davamlı və sabitliyini təmin etmək üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsi də əsas hədəflərdəndir. Bu məqsədlə yaxın vaxtlarda "Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" yeni ikitərəfli sazişin imzalanması gözlənilir.

İtaliya şirkətlərinin ölkəmizə artan marağı

İtaliya-Azərbaycan iqtisadi əməkdaşlığı çoxspektrliyi ilə də seçilir. İtaliya şirkətləri tək energetika yox, digər strateji layihələr, həmçinin sosial-iqtisadi infrastruktur layihələrinə maraq göstərirlər.

"RINA" şirkətinin Avropanın enerji sektorunda kommersiya idarəçiliyi üzrə direktoru Beatriçe Kostantsinin sözlərinə görə, Azərbaycan sadəcə nəqliyyat marşrutu deyil, həm də dəmir yolları, limanlar, logistika, energetika və investisiyaları birləşdirən mürəkkəb bir sistem olan Orta Dəhlizin transformasiyasında strateji rol oynayır.

"IRD Engineering" şirkəti Gəncənin su təchizatı və tullantı sularının axıdılması obyektlərinin layihələndirilməsi, tikintisinə nəzarət üzrə xidmətlərin göstərilməsinə dair yeni müqavilə imzalayıb. Orta Dəhlizin bir hissəsi olan M2 avtomobil yolunun Gəncə istiqamətindəki sahəsinin modernləşdirilməsi şirkətin layihələrindən biridir.

"Webuild" şirkətinin Şərqi Avropa, Balkanlar və MDB ölkələri üzrə biznesin inkişafı meneceri Andrea Tulli bəyan edib ki, onlar "Bakı Metropoliteni" QSC-nin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsində maraqlıdırlar.

"Iveco" şirkətlər qrupunun Beynəlxalq biznesə dəstək şöbəsinin rəhbəri Andrea Çommi qeyd edib ki, "Iveco Group" Azərbaycanın Qarabağ regionunda, o cümlədən elektrik mobilliyi sahəsində fəaliyyətini genişləndirməyə hazırdır.

"Hitachi Rail" şirkəti də nəqliyyat infrastrukturunun inkişafı və nəqliyyat əlaqəliliyinin artırılması sahəsində Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

Yeni Anlaşma Memorandumu imzalanıb

Qeyd edək ki, biznes-forum çərçivəsində Azərbaycan və İtaliya arasında kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın "Leonardo S.p.A." şirkəti arasında yüksək məhsuldarlıqlı hesablama sistemləri və süni intellekt sahəsində əməkdaşlığa dair, İtaliyanın "Cassa Depositi e Prestiti S.p.A." şirkəti ilə Azərbaycan Biznesin İnkişafı Fondu arasında biznes və investisiya əməkdaşlığının inkişafına dair, "Baku Steel Company" QSC, "Dismas Trading S.r.l." və "Edgar H. Greenham & Co. S.r.l." arasında yerli sənaye məhsullarının ixracının təşviqi üzrə, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası ilə "FINCO" şirkəti arasında tikinti və tikinti materialları sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə, "IVECO" və "Azteximport" şirkətləri arasında ictimai nəqliyyat sektorunda əməkdaşlığın gücləndirilməsi üzrə, "SIMEST S.p.A." ilə İtaliya-Azərbaycan Ticarət Palatası arasında ticarət, investisiya və biznes əməkdaşlığının gücləndirilməsinə dair anlaşma memorandumları, həmçinin "Nort West Construction" MMC ilə "FALORNI TECH S.R.L." şirkəti arasında Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi üzrə müqavilə olmaqla yeddi sənəd mübadilə edilib.

Mənbə: Baku.ws · 28.11.2026, 22:49 · orijinal məqalə

Bu barədə kim yazır

Oxu.az saytında oxu