Bakıda “Türkmənistanın Bitərəfliyi – sülhün və etimadın işıqlı yoludur” adlı kitabın təqdimat mərasimi keçirildi
· 1 mənbə
23 noyabr 2026-cı il tarixində Bakıda Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun Azərbaycan dilində nəşr olunmuş “Türkmənistanın Bitərəfliyi – sülhün və etimadın işıqlı yoludur” adlı kitabının təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bəhrom Əşrəfxanov, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tənzilə Rüstəmxanlı və Hikmət Babaoğlu çıxış ediblər.
Aktotı Raimkulova öz çıxışında kitabın Azərbaycan dilində nəşr olunmasının xüsusi əhəmiyyətini vurğulayaraq, Fondun kitabın tərcüməsi prosesində iştirakını qeyd edib.
Fondun prezidenti, həmçinin təşkilatın müşahidəçi dövləti olan Türkmənistanın zəngin mədəni irsinin qorunmasına və beynəlxalq miqyasda təbliğinə yönəlmiş, Fond tərəfindən həyata keçirilən nəşriyyat, elmi və mədəni layihələrdən bəhs edib.
Çıxışının sonunda Aktotı Raimkulova Fondun fəaliyyətində fəal iştiraka və mədəni əməkdaşlığın möhkəmləndirilməsinə göstərilən dəstəyə görə Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinə və şəxsən səfir Qurbanməmmet Elyasova təşəkkürünü bildirib.
Mənbə: Publika.az · 24.11.2026, 16:44 · orijinal məqalə