“Baku Medical Plaza”da Kök Hüceyrə Mərkəzi fəaliyyətə başladı

· 1 mənbə

Müasir tibbin sürətlə inkişaf etdiyi dövrdə yeni müalicə yanaşmalarının ölkəmizdə tətbiqi səhiyyə sahəsində mühüm əhəmiyyət daşıyır. Bu istiqamətlərdən biri də regenerativ tibbin perspektivli sahələrindən hesab olunan kök hüceyrə texnologiyalarıdır. Tibb sahəsindəki yeniliklərin ölkəmizdə əlçatan olmasına xüsusi önəm verən “Baku Medical Plaza” klinikalar şəbəkəsinin Babək filialında Kök Hüceyrə Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin yaradılması və kök hüceyrə müalicəsinin tibbdəki imkanları barədə daha ətraflı məlumat almaq üçün “Baku Medical Plaza”nın Babək filialının direktoru Dr. Fərid Qasımov və filialın kök hüceyrə mütəxəssisi Dr. Aytən Səfərli ilə həmsöhbət olduq.

Kök Hüceyrə Mərkəzinin yaradılmasında əsas məqsəd nədir?

Hazırda kök hüceyrə müasir tibbin ən perspektivli və sürətlə inkişaf edən istiqamətlərindən biridir. “Baku Medical Plaza” olaraq əsas prioritetimiz müasir tibbin yeniliklərini izləmək və elmi əsaslara söykənən qabaqcıl tibbi xidmətləri ölkəmizdə tətbiq etməkdir. Babək filialımızda Kök Hüceyrə Mərkəzinin fəaliyyətə başlaması da bu istiqamətdə atdığımız mühüm addımlardan biridir. Bu sahədə əldə olunan nəticələr müəyyən xəstəliklərin müalicəsi üçün yeni imkanların araşdırılmasına şərait yaradır. Məqsədimiz klinikanın tibbi imkanlarının genişləndirilməsi, yeni müalicə imkanlarının inkişafı və pasiyentlərin müasir tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir.

Mərkəzdə pasiyentlərə hansı yanaşma tətbiq olunacaq?

Bizim üçün ən vacib məsələ pasiyent təhlükəsizliyi, düzgün diaqnostika və fərdi müalicə yanaşmasıdır. Mərkəzimizdə pasiyentlərin tibbi göstəriciləri ətraflı araşdırılır və müalicənin məqsədəuyğunluğu müəyyənləşdirilir. Pasiyentlərə mümkün nəticələr, risklər və müalicə prosesinin gedişatı barədə ətraflı məlumat verilir. İstəyimiz odur ki, vətəndaşlarımız müasir tibbin təqdim etdiyi imkanlardan yararlanmaq üçün hər zaman xarici ölkələrə üz tutmaq məcburiyyətində qalmasınlar. Onlar bu xidmətləri öz ölkələrində, ailələrinin yanında, etibarlı və peşəkar tibbi mühitdə əldə edə bilsinlər.

Kök hüceyrə nədir və müalicəsi necə aparılır barədə sullarımıza “Baku Medical Plaza” Babək filialının kök hüceyrə mütəxəssisi Dr. Aytən Səfərli aydınlıq gətirdi. Dr. Aytən Səfərli qeyd edir ki, kök hüceyrə müalicəsi regenerativ tibb sahəsinə aid olan müasir müalicə üsullarından biridir. Kök hüceyrələr insan orqanizmində özünü yeniləmək və müəyyən şəraitdə müxtəlif ixtisaslaşmış hüceyrələrə çevrilmək qabiliyyətinə malik xüsusi hüceyrələrdir. Onları orqanizmin bir növ xam materialı adlandırmaq olar. Bu xüsusiyyətləri sayəsində kök hüceyrələr toxumaların inkişafı, yenilənməsi və bərpası proseslərində mühüm rol oynayır.

“Kök hüceyrələrin müxtəlif növləri mövcuddur. Onlardan biri hematopoetik, yəni qanyaradan kök hüceyrələrdir. Bu hüceyrələr əsasən sümük iliyində, həmçinin periferik qan və göbək ciyəsi qanında olur və eritrositlərin, leykositlərin, trombositlərin yaranmasını təmin edir. Digər mühüm qrup isə mezenximal kök hüceyrələrdir. Bu hüceyrələr sümük iliyi, piy toxuması və göbək ciyəsi kimi müxtəlif bioloji mənbələrdən əldə edilə bilər”- deyə A.Səfərli əlavə edib.

Kök hüceyrə müalicəsi hazırda hansı xəstəliklərdə tətbiq olunur və prosedur necə həyata keçirilir?

İlk növbədə qeyd edim ki, kök hüceyrə müalicəsi ciddi tibbi hazırlıq, xüsusi şərait, peşəkar mütəxəssis nəzarəti və müalicədən sonrakı davamlı müşahidə tələb edən mürəkkəb prosedurdur. Burada əsas məsələ müalicə metodunun pasiyentin diaqnozuna, ümumi sağlamlıq vəziyyətinə və beynəlxalq tibbi göstərişlərə uyğun seçilməsidir. Bu sahədə uzun illərdir tətbiq olunan və effektivliyi sübut edilmiş əsas üsullardan biri hematopoetik kök hüceyrə transplantasiyasıdır. Bu transplantasiya müəyyən qan və immun sistemi xəstəliklərinin, o cümlədən leykozların, limfomaların, çoxsaylı mielomanın, aplastik anemiyanın və bəzi hallarda talassemiyanın müalicəsində istifadə olunur.

Mezenximal kök hüceyrələr isə daha gənc, lakin sürətlə inkişaf edən sahədir. Mezenximal kök hüceyrələrin iltihab və immun pozğunluqları ilə bağlı bir çox xəstəlikdə istifadəsi klinik tədqiqatlarda geniş öyrənilir. Bunlara diz oynağının artrozu, bəzi autoimmun xəstəliklər, diabetik ayaq yaraları, onurğa beyni zədələnmələri, insult, ürək çatışmazlığı və uşaq serebral iflici daxildir.

Son illər kök hüceyrə müalicəsinin oynaq xəstəlikləri, diabet, insult, parkinson, hətta autizm kimi müxtəlif problemlərdə tətbiq olunduğu haqda məlumatlara rast gəlirik. Bu müalicə həqiqətən bu xəstəliklərdə effektivdirmi?

Təəssüf ki, kök hüceyrə müalicəsi ilə bağlı cəmiyyətdə müəyyən yanlış təsəvvürlər mövcuddur. Bəzən bu müalicə üsulu demək olar ki, bütün xəstəliklərə çarə kimi təqdim edilir. Halbuki elmi və tibbi baxımdan belə bir yanaşma düzgün deyil. Sadalanan xəstəliklərin hər birində kök hüceyrələrin tətbiqi ilə bağlı aparılan araşdırmaların nəticələri və elmi sübutların səviyyəsi fərqlidir. Pasiyentlərə tövsiyəmiz odur ki, xüsusilə bütün xəstəliklər üçün eyni müalicəni təklif edən, nəticəyə zəmanət verən, tibbi müayinə aparmadan prosedur təyin edən və hüceyrələrin hansı şəraitdə hazırlandığı barədə məlumat verməyən müəssisələrə qarşı diqqətli olsunlar.

Kök hüceyrə müalicəsi yalnız müvafiq tibbi göstərişlər əsasında, elmi sübutlara və mövcud standartlara uyğun şəkildə planlaşdırılmalıdır. “Baku Medical Plaza”da da bu prinsiplər əsas götürülür. Klinikamıza müraciət edən pasiyentlərin tibbi sənədləri və mövcud diaqnozları qiymətləndirilir, müalicənin uyğunluğu araşdırılır və onlara mümkün tibbi yanaşmalar barədə ətraflı məlumat verilir. Mezenximal kök hüceyrələrin hazırlanması isə mərkəzin laboratoriyasında müvafiq icazələr əsasında və keyfiyyətə nəzarət prosedurları çərçivəsində həyata keçirilir.

“Baku Medical Plaza” 012 909

Mənbə: Qafqazinfo · 25.11.2026, 14:24 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu