Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər (FOTO)

· 1 mənbə

Bakı. Trend:

Türkiyənin İğdır şəhərində “İpək Yolunun yenidən dirçəlişi” mövzusunda Beynəlxalq Qafqaz Konqresi keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, konqres çərçivəsində Azərbaycanın Qars şəhərindəki Baş konsulu Qoşqar Zeynalov, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri və Ankaranın millət vəkili, professor Kürşad Zorlu, İğdırın keçmiş valisi Mustafa Fırat Taşolar, Naxçıvan Dövlət Universitetinin rektoru, professor Elbrus İsayev, Qarabağ Universitetinin rektoru, professor Şahin Bayramov, Ardahan Universitetinin rektoru, professor Öztürk Emiroğlu, Erzincan Binali Yıldırım Universitetinin dekanı, professor Kerem Karabulut və İğdır Universitetinin müəllimi Arslantürk Akyıldız İğdır Azərbaycan Evini ziyarət ediblər.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar qonaqlara Evin yaradılma məqsədi, fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə məlumat verib.

Qeyd olunub ki, İğdır Azərbaycan Evi Türkiyədə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərinin, ana dilinin, mədəniyyətinin və tarixi irsinin qorunub saxlanılması və təbliği, soydaşlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, eləcə də Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Qonaqlar Azərbaycan Evinin fəaliyyəti ilə yaxından tanış olub, burada həyata keçirilən təşəbbüslərin diasporumuzun təşkilatlanması, milli kimliyin qorunması və Azərbaycan–Türkiyə ictimai-mədəni əlaqələrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Mənbə: Trend · 26.11.2026, 19:19 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu