Biləsuvarda iri fermer təsərrüfatlarına və emal müəssisələrinə baxış keçirildi
· 1 mənbə
Azərbaycan Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlərlə yerində tanış olmaq məqsədilə 25 noyabr tarixində Biləsuvar rayonunda iri fermer təsərrüfatlarına və emal müəssisələrinə növbəti baxış keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik siyasəti şöbəsi müdirinin müavini - sektor müdiri İzzət Talıbov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurov, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı Şirvan-Salyan Regional bölməsinin rəisi Ehtiram Muxtarov, Biləsuvar Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Ədalət Babayev və Biləsuvar Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev iştirakı ilə keçirilən görüşlərdə rayonda fəaliyyət göstərən iri fermer təsərrüfatları, emal müəssisələrinə baxış keçirilib və problemləri ilə maraqlanılıb.
Görüşlərdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli Prezident İlham Əliyevin aqrar sektorun inkişafı istiqamətində müəyyən etdiyi prioritetlərin rayon üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, kənd təsərrüfatının Biləsuvarın iqtisadi potensialının artırılmasında və əhalinin sosial rifahının yüksəldilməsində mühüm rol oynadığını bildirib.
Prezident Administrasiyasının sektor müdiri Dəyanət Abdullayev fermer və sahibkarlarla görüşlərdə Dövlət Proqramının ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək məqsədilə hazırlanmış geniş həcmli fəaliyyət planı olduğunu qeyd edib. Dəyanət Abdullayev Dövlət Proqramının əhəmiyyətindən danışaraq bildirib ki, proqram çərçivəsində kənd təsərrüfatında müasir və innovativ yanaşmaların tətbiqi, istehsal və emal imkanlarının genişləndirilməsi, aqrar sahədə dəyər zəncirinin inkişaf etdirilməsi və fermerlərin fəaliyyətinə dəstəyin gücləndirilməsi nəzərdə tutulur.
Qəbul edilmiş Dövlət Proqramından ruhlandıqlarını qeyd edən sahibkar və fermerlər onlara göstərilən diqqət və qayğıya görə Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Görüşlərdə həmçinin fermer və sahibkarlar fəaliyyətləri zamanı qarşılaşdıqları problemlər, xüsusən təsərrüfatlarda güzəştli kerditlərin, subsidiyaların verilməsində, mineral gübrələr və zərərvericilərə qarşı dərman preparatlarının əldə olunmasında yaranan çətinliklər barədə fikirlərini bildirib.
Mənbə: Qafqazinfo · 25.11.2026, 18:03 · orijinal məqalə